İrandakı vəziyyət Rusiyaya da təsir edəcək – Gözlənilməz XƏBƏRDARLIQ
12 Yanvar 21:41 Siyasətİran rejimi son onilliklərin ən ağır böhranı ilə üz-üzədir və bu proses qlobal miqyasda ciddi dəyişikliklərə yol aça bilər.
Globalinfo.az xəbər verir ki, "Bloomberg" nəşrinin yazdığına görə, İranda baş verən etirazlar ali dini lider Əli Xameneinin hakimiyyəti üçün 1979-cu il İslam İnqilabından bəri ən ciddi sınaq hesab olunur.
Artıq iki həftədir davam edən kütləvi etiraz aksiyaları Tehrandan tutmuş milyonlarla əhalisi olan iri regionlara qədər onlarla şəhəri əhatə edib. Təzyiqlərə, həbslərə və hədələrə baxmayaraq, yüz minlərlə insan küçələrə çıxmaqda davam edir.
ABŞ açıq şəkildə etirazçılara dəstək verir. Məlumata görə, Amerika hərbçiləri Prezident Donald Trampa mümkün hərbi müdaxilə ssenariləri təqdim ediblər.
Gərginlik dünya bazarlarına da təsirsiz ötüşməyib. Son iki gündə "Brent" markalı neftin qiyməti 5 faizdən çox artıb. İnvestorlar OPEC-in əsas üzvlərindən biri olan İrandan neft tədarükündə problemlər yarana biləcəyindən ehtiyat edirlər.
Analitiklərin fikrincə, Xamenei rejimi heç vaxt indiki qədər zəif olmayıb: iqtisadiyyat çökmə həddindədir, inflyasiya rekord səviyyəyə çatıb, İsrailin zərbələrindən sonra İranın regiondakı təsiri ciddi şəkildə azalıb.
Rejimin süqutu Rusiyaya da ağır zərbə ola bilər. İran Moskvanın əsas müttəfiqlərindən biri hesab olunur və müharibədə istifadə edilən kamikadze dronları Rusiyaya məhz Tehran tədarük edib.
Lakin Fars körfəzi ölkələrini başqa ssenari narahat edir - Suriyaya və ya İraqa bənzər xaos və uzunmüddətli qeyri-sabitlik.
"Bloomberg" ekspertləri hesab edir ki, İslam Respublikası mövcud formada 2026-cı ilin sonuna qədər davam gətirməyə bilər. Mümkün variantlar arasında daxili elita dəyişiklikləri və ya SEPAH-ın çevrilişi göstərilir. Bu halda cəmiyyətdə müəyyən sosial azadlıqlar arta bilər, lakin siyasət daha sərt və militarist xarakter alacaq.
Tam kollaps hələlik qaçılmaz sayılmır. Ancaq rejimin vaxtı sürətlə tükənir.