Zeynal Əmrəliyev: "Güney Azərbaycanda təhlükəsizlik zonasının formalaşdırılması ən doğru variantdır" – ÖZƏL
12 Yanvar 15:58 Siyasətİranda etiraz dalğası iki həftəni geridə qoyaraq daha radikal mərhələyə keçib. Rza Pəhləvinin çağırışından sonra aksiyaların hədəfi hökumət binaları və banklar olub, 200-dən çox təşkilatçı saxlanılıb.
Vəziyyətin gərginliyi fonunda Ali lider tərəfdarlarını mitinqə çağırıb, Prezidentin isə xalqa müraciəti gözlənilir. Proseslərin kütləvi qaçqın axınına səbəb olma ehtimalı, 40 milyon soydaşımızın yaşadığı qonşu Azərbaycan üçün regional riskləri artırır.
"Hazırda qaçqın axınından danışmaq üçün tezdir. Yəni bu mərhələdə kəskin və real təhlükə yaradan hallar müşahidə edilmir. Ancaq gələcəkdə belə risklərin istisna olunmadığını da qeyd etmək lazımdır. Bu məsələ ilə bağlı əminəm ki, Azərbaycan hökuməti zəruri hesab etdiyi addımları vaxtında atacaq".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, digər vacib məqam ondan ibarətdir ki, qonşu ölkələrdə bu məsələnin necə tənzimlənəcəyi də xüsusi əhəmiyyət daşıyır. Hər bir ölkənin özünün müəyyən qəbul və tutum səviyyəsi var və qaçqınların qəbulu da məhz bu imkanlara uyğun şəkildə həyata keçirilir. Buna uyğun olaraq, hər bir dövlət vəziyyətə adekvat qərarlar verəcək. Ən böyük qaçqın axınının Azərbaycan və Türkiyə istiqamətində olacağı ehtimal edilir. Bunun əsas səbəblərindən biri Güney Azərbaycan faktorunun mövcudluğudur. Lakin mən qaçqın axınının qarşısını almaq üçün Güney Azərbaycanda təhlükəsizlik zonasının formalaşdırılmasını daha məqsədəuyğun variant hesab edirəm. Belə bir yanaşma potensial qaçqın axınının qarşısını almağa imkan verə bilər.
"Əgər İranda hadisələr bu istiqamətdə inkişaf edərsə, Azərbaycan və Türkiyə birgə şəkildə həm Azərbaycanın dövlət təhlükəsizliyini təmin etmək, həm də İranda yaşayan azərbaycanlıların - bizim soydaşlarımızın - hüquq və təhlükəsizliyini qorumaq məqsədilə Güney Azərbaycanda təhlükəsizlik zonasının formalaşdırılması üçün hüquqi və siyasi əsaslara malik ola bilərlər. Bu baxımdan, Güney Azərbaycanda təhlükəsizlik zonasının yaradılması ən doğru variant kimi qiymətləndirilə bilər", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, hazırkı vəziyyətdə İranda etirazlar müəyyən qədər genişlənib. Lakin hökumət hələlik etirazların tam şəkildə yatırılması üçün sərt addımlar atmaqda ehtiyatlı davranır. Bunun da səbəbi risklərin yüksək olmasıdır. Çünki əvvəlki etirazlardan fərqli olaraq, bu etirazlar beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ və İsrail tərəfindən ciddi şəkildə dəstəklənir. Məhz bu amil İran hökumətinin etirazçılara qarşı daha sərt mövqe tutmasını müəyyən qədər məhdudlaşdırır.
Lamiyə Cəbrayılova