Sülh, Orta Dəhliz və strateji tərəfdaşlıq: Koffinin "hazır olun" mesajı- ÖZƏL
12 Yanvar 15:55 Siyasət"Tanınmış amerikalı analitik Lyuk Koffinin Azərbaycan bayrağı fonunda paylaşdığı "Be prepared" (Hazır olun) mesajı, həm Vaşinqtonun regional prioritetləri, həm də Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyası baxımından bir neçə mühüm müstəvidə şərh oluna bilər. Koffi Vaşinqtonun strateji dairələrində regionu ən yaxşı tanıyan və qərar qəbul edən mərkəzlərə təsir imkanı olan ekspertlərdən biri kimi tanınır. Onun bu qısa, lakin tutumlu müraciəti ritorik bir ifadədən çox, yaxın gələcəkdə gözlənilən mühüm geosiyasi hadisələrin anonsu kimi dəyərləndirilməlidir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Birinci növbədə, bu mesaj Azərbaycan-Ermənistan sülh prosesinin yekunlaşma mərhələsinə işarə edə bilər. Uzun müddətdir davam edən sülh müqaviləsi üzrə danışıqların artıq həlledici nöqtəyə çatdığı bir vaxtda, Koffinin çağırışı regionun münaqişə sonrası yeni sabitlik dövrünə keçidinə hazırlıq kimi başa düşülməlidir. Bu, regiondakı bütün oyunçuların yeni reallıqlara adaptasiya olunması üçün bir xəbərdarlıq mahiyyəti daşıyır.
İkinci istiqamət, Azərbaycan-ABŞ münasibətlərində gözlənilən strateji sıçrayışdır. Hazırkı ABŞ administrasiyasının (Tramp administrasiyası kontekstində) regiona daha praqmatik və Azərbaycanın mərkəzi rolunu qəbul edən yanaşması, ikitərəfli əlaqələrin keyfiyyətcə yeni bir institusional müstəviyə (məsələn, Strateji Tərəfdaşlıq Xartiyası və ya 907-ci düzəlişin tamamilə ləğvi) keçəcəyindən xəbər verir. Koffi bu prosesin Vaşinqton tərəfindəki hazırlıqlarını və Bakının strateji əhəmiyyətinin artmasını vurğulayır.
Üçüncü mühüm məqam isə Orta Dəhliz və regional kommunikasiyaların (TRIPP marşrutu) praktiki reallaşma mərhələsidir. Qlobal ticarət yollarının şaxələndirilməsi fonunda Azərbaycanın tranzit qovşağı kimi mütləq üstünlüyü artıq beynəlxalq səviyyədə tam qəbul olunub. "Hazır olun" mesajı həm də bu böyük iqtisadi-strateji layihələrin icrası ilə regionda yaranacaq yeni iqtisadi canlanmaya və bu prosesdə Azərbaycanın aparıcı roluna işarədir. Politologiya dili ilə desək, Koffinin bu paylaşımı regiondakı "strateji sükutun" sonuna və Azərbaycanın mərkəzi subyekt kimi çıxış etdiyi yeni bir dövrün başlanğıcına hazırlıq çağırışıdır. Bu mesaj regionda süni gərginlik yaratmaq istəyən qüvvələrə qarşı bir çəkindirmə, eyni zamanda Azərbaycanın müttəfiqlərinə və tərəfdaşlarına yeni imkanlar pəncərəsinin açılacağı barədə müsbət siqnaldır.
Nəticə etibarilə, bu cür bəyanatlar regiondakı geosiyasi vəziyyətə sabitləşdirici təsir göstərir. Bu, Azərbaycanın haqlı mövqeyinin və artan gücünün Qərbin analitik və siyasi elitası tərəfindən tam dərk olunduğunun göstəricisidir".
Zeynəb Mustafazadə