“Sərhədləri İrandakı azərbaycanlıların üzünə bağlamayacağıq ” – AMİP sədrindən AÇIQLAMA
12:48 Siyasət"Şahın oğlu Rza Pəhləvi İrandakı hadisələrlə bağlı əvvəldən hazırlaşırdı. İranda aranı qarışdıran və orada terror hadisələrini törədən onun adamlarıdır. Onlar xaos yaranmasında maraqlıdırlar. Bu yolla hakimiyyəti devirmək istəyirlər. Bəs hakimiyyət devriləndən sonra nə olacaq? Bir çoxları fikirləşir ki, Rza Pəhləvinin İrana qayıtmaq ehtimalı var".
Bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib.
O bildirib ki, Rza Pəhləvinin İranda hakimiyyətə gəlməsi Azərbaycan üçün ən böyük təhlükədir: "Bu məsələ də var ki, şahın oğluna dəstək hələlik yetərli deyil. Buna görə də deyə bilmərik ki, hakimiyyət çevrilişi olarsa, hakimiyyətə mütləq o gələcək. Söhbət İranın parçalanmasından gedirsə, bu da sual altındadır. Çünki böyük dövlətlər onun parçalanmasını istəmirlər. Belə olan halda Azərbaycanı bundan sonra hansı təhdidlər gözləyir? Və hansı ssenarilərə hazır olmalıyıq? Bu, hazırda ən böyük problemdir".
Partiya lideri ABŞ-nin hadisələrə müdaxiləsindən də danışıb: "Trampın hərəkətə keçməsi o demək deyil ki, ABŞ oraya qoşun çıxaracaq. Uzaqdan zərbələr vura və ya İsrail vasitəsi ilə terror əməliyyatları keçirə bilər. Yaxud da İranda vətəndaş müharibəsi ssenarisini yarada bilər. Bizim üçün də ən qorxulu ssenari vətəndaş müharibəsidir. Bu, ən böyük təhdiddir. Biz Güney Azərbaycandakı həmyerlilərimizin etnik şüurunun hansı səviyyədə olduğunu bilmirik. Ümumi əhali səviyyəsində bəllidir ki, onlar özünü türk, azərbaycanlı hesab edir və milli şüur formalaşıb. Lakin üst təbəqədə, siyasi xadimlərinin arasında bu bölgü necədir? Neçə faiz molla rejiminin tərəfindədir? Və ya nə qədər hissə İranın demokratikləşməsini istəyir. Bütün bunların hamısı sual altında olan məsələlərdir".
E.Məmmədov bildirib ki, İranda vətəndaş müharibəsinin olması qaçqın axınına səbəb ola bilər: "Azərbaycan nə qədər qaçqını qəbul edə bilər? Və onlara necə nəzarət etmək və təmin etmək olar? Bu qaçqınların Azərbaycan üçün hansı təhdidləri yaratması da əsas sualdır. Bütün bu sadaladıqlarım dövlət səviyyəsində düşünülməli və cəmiyyət səviyyəsində müzakirə olunmalıdır.
İranla sərhədlərimizin qapalı olması da məsələnin həlli yolu deyil. Biz İrandakı qardaşlarımızı can təhlükəsi qarşısında sərhəddə saxlaya bilmərik, onları mütləq qəbul edəcəyik. Buna görə də həmin ssenarilərə hazır olmalı, eyni zamanda özümüz də ssenari hazırlamalıyıq". Müsavat.tv