“907-ci düzəliş” tezliklə ləğv olunacaq- ÖZƏL
10:10 Siyasət"Ötən il Azərbaycanla Ermənistan arasında etimad quruculuğu istiqamətində önəmli addımlar atılıb. Bu da dövlətimizin sülhə sadiqliyinin göstəricisidir. Digər tərəfdən, 2025-ci ildə Azərbaycanla ABŞ arasında münasibətlərdə yeni mərhələ başlayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "8 avqustda Ağ Evdə Donald Trampın "907-ci düzəliş"in icrasının dayandırılması haqqında imzaladığı qərar bu baxımdan böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, tezliklə "907-ci düzəliş" tamamilə ləğv olunacaq. Çünki bu sənədin qüvvədə qalmasına heç bir səbəb yoxdur. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var: "Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir".
Sevinc Fətəliyeva qeyd edib ki, ötən il ərzində ölkəmiz çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq və iqlim diplomatiyası istiqamətində fəaliyyətini davam etdirib: "Bundan əlavə, 2025-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü keçirilib və sədrlik Azərbaycana keçib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyimiz fəal işlər uğurla davam etdirilib. Eləcə də, Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) Zirvə görüşünə ev sahibliyi edib. Zirvə görüşü zamanı uğurlu nəticələr əldə olunub. Ölkəmizdə bununla yanaşı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən D-8 Həftəsi çərçivəsində komissarların qeyri-rəsmi iclası, iqlim və şəhərsalma üzrə nazirlər dialoqu, D-8 Media Forumu, eləcə də D-8 Gənclər Dialoqu təşkil olunub, təşkilatın strateji sənədlərində əks olunan prioritetlərə uyğun olaraq D-8 Enerji və İqlim Mərkəzi, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzi və D-8 Media Mərkəzinin Azərbaycanda yaradılması barədə razılıq əldə olunub".