X-dən İrana zərbə: dövlət bayrağı silindi, şahın bayrağı gətirildi

Sosial şəbəkə X (keçmiş Twitter) İrana aid rəsmi dövlət bayrağı emojisini dəyişərək onun yerinə şah dövrünə aid "Şir və Günəş" simvolunu yerləşdirib.

Musavat.com xəbər verir ki, bu addım sosial mediada və beynəlxalq ictimaiyyətdə sensasiya və siyasi qalmaqal yaradıb.

Məlumata görə, İran İslam Respublikasının rəsmi bayrağı artıq platformada görünmür. Onun əvəzinə 1979-cu il inqilabından əvvəl - şah rejimi dövründə istifadə olunan tarixi bayraq təsviri çıxır. Sözügedən simvol hazırda İran daxilində rejim əleyhdarları və mühacir müxalifət tərəfindən hakimiyyətə qarşı rəmz kimi istifadə olunur.

Bu dəyişiklik texniki detal kimi təqdim edilsə də, əslində açıq siyasi mesaj xarakteri daşıyır. Xüsusilə İranda kütləvi etirazların gücləndiyi bir dövrdə belə bir addımın atılması Tehrana qarşı simvolik təzyiq kimi qiymətləndirilir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, dəyişiklikdən sonra İranın rəsmi qurumları və dövlət mediasına məxsus X hesablarında da avtomatik olaraq şah dövrünün bayrağı görünməyə başlayıb. Bu isə vəziyyəti daha da qalmaqallı edib və Tehran üçün ciddi imic problemi yaradıb.

Rəsmi İran tərəfi hələlik məsələ ilə bağlı açıq bəyanat verməsə də, sosial şəbəkələrdə bu addım "rəqəmsal çevriliş", "simvolik rejim dəyişikliyi" kimi şərh olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31