Ağ Evin “Yaxın Şərq strategiyası” demontaj edilir: Türkiyə Suriyada ABŞ-ın “dayaqlar”ını dağıdır

Rəsmi Ankara Suriya ordusunun son hərbi əməliyyatları sayəsində SDF/YPG terror təşkilatının ciddi şəkildə zəiflədilməsinə nail oldu, onu himayə edən ABŞ isə "Suriya masası"ndan hələlik əli boş qalxmaq məcburiyyətində qaldı... Çünki ABŞ-ın "Suriya siyasəti" qeyri-legitim separatçı qruplaşmalar üzərində qurulmuşdu, indi isə Türkiyə də daxil olmaqla, əsas regional güclər "geopolitik xəritə"ni yenidən məhz hüquqi faktorlarla yükləyirlər...

Son vaxtlar Suriya yenidən Yaxın Şərqin "savaş bataqlığı"na çevrilməyə başlayıb. Belə ki, bu ölkədə cərəyan edən daxili hərbi-siyasi proseslər daha çox Suriyada, eləcə də, Yaxın Şərqdə qlobal güclərin maraq toqquşmalarının nəticəsi kimi diqqəti çəkir. Və bu baxımdan, Suriyanın yenidən qlobal savaş poliqonuna çevrilmə ehtimalı tədricən daha inandırıcı görünməyə başlayıb.

Bütün bunları nəzərə aldıqda, son günlər Suriyanın Hələb şəhərində baş verən hadisələrin sadəcə, lokal antiterror əməliyyatı kimi dəyərləndirilməsi reallığa tam uyğun görünmür. Belə ki, bu, ABŞ-ın Suriya siyasətinin strateji iflası və Ağ Evin bütövlükdə Yaxın Şərqdəki mövqelərinə yönəlik açıq xəbərdarlıq təsiri bağışlayır. Hər halda, Suriya ordusunun ABŞ tərəfindən açıq şəkildə dəstəklənən terror təşkilatı SDF/YPG-yə qarşı sərt hərbi əməliyyatları, Türkiyənin bundan birmənalı olaraq, məmnunluğu və Rusiyanın isə baş verənlərə strateji susqunluğu bəzi önəmli məqamları üzə çıxarır. Və vaxtilə ABŞ-ın Bayden administrasiyası tərəfindən ön planda tutulan "Suriya layihəsi"nin artıq tamamilə iflasa uğramaqda olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evin Suriya ilə bağlı "yerli tərəfdaş" mifi indi tamamilə dağılmaq üzrədir. Belə ki, son on il ərzində Ağ Evin SDF/YPG-ni guya İŞİD-lə mübarizə aparan, Suriyada sabitliyi təmin edən və İran-Rusiya təsirini balanslaşdıran əsas "yerli güc" kimi təqdim etməyə çalışırdı. Ancaq Suriya ordusunun Hələbdə kürd terrorçulara qarşı keçirtdiyi son hərbi əməlıiyyat ABŞ-ın bu ənənəvi narrativini də darmadağın etdi.

Məsələ ondadır ki, Suriya ordusu SDF/YPG-nin nəzarətində olan Aşrafiyyə və Şeyx Maqsud rayonlarına daxil olduqda, ABŞ və onun bu ölkədəki hərbi kontingenti demək olar, heç bir ciddi reaksiya vermədi. Yəni, Ağ Ev SDF/YPG-ni qorumaq üçün Suriya ordusuna qarşı çəkindirici mexanizmləri işə salmadı, rəsmi Dəməşqə "qırmızı xətt" xatırladılmadı, PKK terrorçularının siyasi qoruması təmin edilmədi. Əksinə, həmişə ABŞ-a güvənmiş SDF/YPG-yə nisbətən təhlükəsiz, ancaq alçaldıcı çıxış yolu, yəni, məhz Suriya ordusunun nəzarəti altında olan Fəratın şərqinə köçürülmə variantı təklif olundu.

Təbii ki, bu, ABŞ-ın himayəsi altında olan SDF/YPG üçün qətiyyən taktiki geri çəkilmə təklifi deyil, əksinə, açıq-aşkar strateji qovulma xarakteri daşıyır. Suriyanın əsas iqtisadi mırkəzlərindən sayılan Hələb artıq ABŞ-ın təsir xəritəsindən faktiki olaraq, silinmiş oldu. Yəni, Ağ Evin Suriyada təsir imkanları həm coğrafi, həm də siyasi baxımdan, ciddi şəkildə daraldılır.

Maraqlıdır ki, Türkiyə son hadisələrə münasibətdə tutduğu strateji mövqe elə ABŞ-ın Suriya siyasətinə açıq-aşkar meydan oxumuş oldu. Belə ki, rəsmi Ankara Suriya ordusunun hərbi əməliyyatlarına yönəlik sadəcə, məmnunluq ifadə etməklə, kifayətlənmədi, həm də siyasi dəstək verməklə, legitimləşdirdi. Və rəsmi Ankaranın ön plana çıxartdığı "Suriyanın təhlükəsizliyi, məhz Türkiyənin təhlükəsizliyi deməkdir" tezisi rəsmi Dəməşq üçün "vahid dövlət-vahid ordu" prinsipini daha möhkəmləndirmiş oldu.

Təbii ki, Türkiyənin bu qətiyyətli və prinsipial mövqeyi ABŞ-ın Tramp administrasiyası dönəmində onsuz da sarsılmış Suriya strategiyası üçün bloklayıcı xarakter daşıyır. Çünki ABŞ ilə NATO üzrə müttəfiq olan bir ölkə - Türkiyə faktiki olaraq, Ağ Evin Suriyadakı "proksi nəzarət modeli"ni demontaj etdiyini və bu ölkədəki proseslərin birbaşa rəsmi Dəməşqlə koordinasiyasına üstünlük verdiyini göstərir. Halbuki, ABŞ hələ də Suriyanın yeni hökumətini rəsmi olaraq, təcrid vəziyyətindəki siyasi rejim kimi təqdim etməkdə israrlı davranır.

Bütün bunların nəticəsində Türkiyənin mövqeyi ilə bağlı artıq inkaredilməz önəmli reallıq da ortaya çıxır. Belə ki, rəsmi Ankara artıq ABŞ-ın Suriya siyasətini Türkiyənin milli təhlükəsizliyi ilə kəskin ziddiyyət təşkil edən faktor kimi qəbul edir. Və bu baxımdan, artıq qətiyyən şübhə doğurmur ki, ABŞ-ın "kürd terrorizmi"nə bağlı "SDF/YPG layihəsi" artıq Türkiyə üçün bitmək üzrədir, rəsmi Ankara onun tamamilə çökdürülərək, sıradan çıxarılması üçün daha kəskin addımların atılmasından çəkinməyəcəyini də biruzə verir.

Son baş verənlər onu göstərir ki, Ağ Evin Suriyada dəstəklədiyi separatçı-terrorçu qüvvələrin artıq ABŞ-ın razılığı və ya birbaşa müdaxiləsi belə, olmadan da bu ölkənin müxtəlif şəhərlərindən çıxarılması tamamilə mümkündür. Xüsusilə də, Türkiyənin Suriyadakı hərbi-siyasi təsir mexanizmləri ABŞ-ın bu ölkədə himayə etdiyi "proksi qüvvələri" sıradan çıxartmaq imkanları qazandığı qətiyyən şübhə doğurmur. Və bu, ABŞ-ın Suriyadakı geostrateji maraqları üçün "idarə olunan tənəzzül" anlamı daşıyır.

Məsələ ondadır ki, Suriya ordusunun hərbi əməliyyatları nəticəsində SDF/YPG terrorçularının bu ölkənin şərqinə köçürülməsi, ümumiyyətlə, Yaxın Şərqdə ABŞ-ın təsir dairəsinin nisbətən daralmağa başladığını da biruzə verir. Ona görə də, Qərb mediasında rəsmi Dəməşqin atəşkəs elan etməsi "gərginliyin azaldılması" kimi təqdim olunsa da, bu, müəyyən mənada, yanlış yanaşma təsiri bağışlayır. Çünki əslində bu atəşkəs kompromis deyil, əksinə, Türkiyənin strateji qələbədən sonra Suriya rəsmi dairələri üzərindən verdiyi müvəqqəti fasilə anlamı daşıyır.

Beləliklə, rəsmi Ankara Suriya ordusunun son hərbi əməliyyatı sayəsində SDF/YPG terror təşkilatının ciddi şəkildə zəiflədilməsinə nail oldu. SDF/YPG terror təşkilatını himayə edən ABŞ isə "Suriya masası"ndan hələlik əli boş qalxmaq məcburiyyətində qaldı. Çünki ABŞ-ın "Suriya siyasəti" qeyri-legitim separatçı qruplaşmalar üzərində qurulmuşdu, indi isə regional güclər, xüsusilə də, Türkiyə "geopolitik xəritə"ni yenidən məhz hüquqi faktorlarla yükləyir. Və nəticədə ABŞ-ın yalnız Suriya deyil, bütövlükdə Yaxın Şərq strategiyası belə, iflas təhlükəsi qarşısında qalıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31