Makronun ABŞ və Çinə mesajı: Fransanın Avropada hegemonluq axtarışı- ÖZƏL 

Fransa Prezidenti Emmanuel Makron ABŞ və Çini beynəlxalq öhdəliklərə əməl etməməkdə və Avropanın maraqlarını nəzərə almamaqda ittiham edib. Onun sözlərinə görə, ABŞ son illər müttəfiqlərindən uzaqlaşaraq vaxtilə özü formalaşdırdığı beynəlxalq qaydalardan, xüsusilə ticarət və təhlükəsizlik sahəsində geri çəkilir. Makron bildirib ki, Çin isə aqressiv və nəzarətsiz kommersiya siyasəti ilə Avropa iqtisadiyyatına birbaşa zərbə vurur.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Makronun bu açıqlamaları Fransanın, xüsusilə də onun hakimiyyətə gəldikdən sonra Avropada yenidən hegemonluq əldə etmək və Avropanın əsas dövləti kimi Fransanın dünya siyasətində mövqeyini daha da möhkəmləndirmək niyyətlərindən irəli gələn bir yanaşmadır. Çünki Makron anlayır ki, yeni dünya düzənində artıq bir neçə güc mərkəzi olacaq. Yəni ənənəvi olaraq ABŞ liderliyində formalaşmış Qərbin təşkilatlanmış hegemonluğu artıq keçmişdə qalır. Müxtəlif regionlarda fərqli güc mərkəzləri meydana çıxacaq və bu regional güclərlə yanaşı, dünya miqyasında əsas qlobal güc qütbləri formalaşacaq. Makron hazırda Fransanı Avropanın hegemon dövləti kimi bu qlobal güc mərkəzlərindən birinə çevirməyə çalışır.
ABŞ-ın son addımları isə, təbii ki, ilk növbədə Fransanın maraqlarına uyğun deyil. Çünki əgər Tramp istədiklərini tam şəkildə reallaşdıra bilsə, bu halda Fransanın dünya siyasətindəki rolu bugünkündən də zəifləyə bilər. Halbuki Makronun niyyəti tam fərqlidir: o, Fransanı Avropanın əsas dövləti və dünyanın aparıcı ölkələrindən biri kimi mövqeləndirməyə çalışır. Bununla da çoxqütblü dünya nizamında Avropada əsas güc qütbünü formalaşdırmaq istəyir.
Bununla yanaşı, Makronun haqlı olduğu bir məqam da var. ABŞ həqiqətən də beynəlxalq hüququ, beynəlxalq sistemin özü tərəfindən formalaşdırılmış qaydaları bir sıra hallarda açıq şəkildə pozur. Dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilə edir, beynəlxalq hüquq normalarını nəzərə almır və öz maraqlarından irəli gələn planları güc yolu ilə həyata keçirməyə çalışır. Bu isə onsuz da gərginləşməkdə olan qlobal təhlükəsizlik məsələlərini daha da risk altına salır.
Buradan belə nəticə çıxarmaq olar ki, Makronun ABŞ və Çinlə bağlı səsləndirdiyi fikirlər Fransanı tələsik şəkildə Avropanın əsas gücünə çevirmək niyyətindən qaynaqlanır. O, Avropanı həm ABŞ-dan, həm də Çindən asılılıqdan azad edərək yeni bir güc mərkəzi formalaşdırmaq və bütün sahələrdə Avropanın özünü təmin etməsini təmin etmək istəyir. Gələcəkdə bu yanaşmaların Avropa İttifaqı miqyasında da yayılacağını görmək mümkündür. Çünki Avropa İttifaqının əsas aparıcı dövlətlərindən biri məhz Fransadır və Makron İttifaq daxilində təzyiqlər edərək bu kursu daha da gücləndirməyə çalışacaq.
Bu siyasət ABŞ və Çinlə münasibətlərdə məsafənin açılması, ABŞ-la müttəfiqlik əlaqələrinin yenidən nəzərdən keçirilməsi və Avropanın öz taleyini müstəqil şəkildə müəyyən etməsi cəhdləri ilə müşayiət oluna bilər. Gələcəkdə Avropa İttifaqı çərçivəsində, xüsusilə də aparıcı dövlətlər kontekstində bu siyasətin həyata keçirilməsi ilə qarşılaşa bilərik. Makron bu prosesdə nə dərəcədə uğurlu olacaq? Mənə elə gəlir ki, Almaniya və Böyük Britaniyanın mövqeləri, həmçinin Avropanın cənub və şərq sərhədlərinin təhlükəsizliyi məsələsində Türkiyənin artan rolu nəzərə alındıqda, Fransanın artıq əvvəlki kimi dünya siyasətində əsas oyunçu olacağını söyləmək çətindir. Əgər Avropada yeni bir güc mərkəzi formalaşacaqsa, bu, ən yaxşı halda Fransa-Almaniya-Böyük Britaniya üçlüyü çərçivəsində mümkündür. Əks halda Fransa bu prosesdən kənarda qala bilər və daha çox Böyük Britaniyanın liderliyi, Almaniya-Britaniya iqtisadi-siyasi həmrəyliyi fonunda yeni addımların atıldığını müşahidə edə bilərik. Bununla belə, Avropada mərkəzli güc qütbünün daha səmərəli və güclü olmasını nəzərə alan britaniyalılar və almanlar ehtimal ki, fransızlara yenidən qapı aça bilərlər və bu üç ölkə birlikdə Qərbi Avropa məkanında yeni güc mərkəzi formalaşdırmağa çalışa bilər.
Amma qeyd etdiyimiz kimi, Fransanın bu prosesi təkbaşına reallaşdırmaq imkanları artıq məhduddur. Onun beynəlxalq nüfuzu və hərbi gücü Rusiya, Çin və ABŞ-la müqayisədə xeyli zəifdir. Buna görə də Avropa İttifaqı ABŞ və Çin arasında gedən rəqabət fonunda öz iqtisadi və siyasi maraqlarını yalnız birlik şəklində qoruya bilər. Bu, nə Fransanın, nə Almaniyanın, nə də başqa bir ölkənin dominantlığı ilə deyil, Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa və digər Avropa dövlətlərinin, eləcə də Türkiyənin dəstəyilə mümkün ola bilər. Yalnız Avropanın ümumi həmrəyliyi və ABŞ-dan müəyyən məsafə saxlayan müstəqil siyasət xətti uğurlu nəticə verə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31