Hüquqdan siyasətə: AZAL təyyarəsi işi niyə “ört-basdır” edilir? – ÖZƏL
9 Yanvar 18:13 Siyasət"Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi ilə bağlı bəlli cinayət işinə xitam verildiyi yönündə açıqlaması hadisənin hüquq müstəvisindən çıxarılaraq siyasi-administrativ ört-basdır mərhələsinə keçirildiyini göstərir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib.
Maraqlıdır, bu addımın əsas məqsədi nə ola bilər?
-dövlət məsuliyyətinin fərdi "texniki səbəb" adı altında yayındırılması;
-hərbi hava hücumundan müdafiə sistemlərinin (özəlliklə "Pantsir-S1") iştirakı gümanının hüquqi sənədlərdən silinməsi;
-beynəlxalq hüquqi presedent yaranmasının qarşısının alınması və s. Yəni söhbət, bir təyyarə qəzasından getmir, dövlətin öz silahlı sistemlərinin mülki aviasiyaya vurduğu zərbəyə görə cavabdehlikdən yayınmaq cəhdindən gedir. "Hava şəraiti" arqumenti isə faktiki sübutların fonunda texniki izah sayılmamalıdır - o, bir siyasi bəraət formasıdır. Bu mövqe, daha doğrusu, mövqesizlik Bakı-Moskva strateji tərəfdaşlığında nə stratejilik, nə də tərəfdaşlıq qoyur... Şair demiş, "kimi aldadırsan, a zalımoğlu"?..
Ekspert bildirib ki, bu qərar Rusiya ilə Azərbaycan arasında ən azı üç ciddi risk yaradır. Birincisi, Bastrıkinin mövqeyi Vladimir Putinin məsuliyyətə işarə edən öncəki açıqlamaları ilə təzad təşkil edir; bax, bu da Rusiyanın öz içində vahid mövqe nümayiş etdirmədiyini göstərir. İkincisi, günahkarların cəzalandırılmaması və təzminat məsələsinin açıq saxlanması bizim toplumda, haqlı olaraq, suallar və onunla birgə güvən böhranı yaradır. Qonşuluq yalnız bəlgələrlə olmur, qonşuluq, tərəfdaşlıq ədalət hissi ilə möhkəmlənir.
Üçüncüsü, hadisənin hüquq müstəvisində "qapadılması" cəhdi Bakını istər-istəməz beynəlxalq hüquqi mexanizmləri aktivləşdirməyə sövq edə bilər. Bu isə artıq ikitərəfli formatdan çıxan, daha geniş diplomatik-hüquqi proses deməkdir. Bunu Moskvada da bilməmiş olmazlar...
"Bəli, Rusiya bu addımla məsuliyyəti inkar etməklə problemi həll etdiyini düşünə bilər, lakin əslində, güvəni zədələyir, tərəfdaşlıq anlayışını formal səviyyəyə endirir, hətta birtərəflilik törədir və ən əsası, insan həyatı ilə bağlı məsələdə siyasi komfortu hüquqi ədalətdən üstün tutur. Bunu biz hətta bağışlasaq belə, tarix bağışlamaz, gələcəyin vicdanı bağışlamaz, Tanrı bağışlamaz, kainatın ruhu bağışlamaz!
Azərbaycanın - haqlı tərəfin tələb etdiyi rəsmi üzr, günahkarların cəzalandırılması və təzminat istəyi normal, legitim və qaçılmaz tələblərdir. Belə tələblər yerinə yetirilməlidir.
Əks halda, "strateji tərəfdaşlıq" anlayışı gerçək məzmundan çox, deklarativ terminə çevrilib, elə orda da qalar. Özü Ukraynada guya "xüsusi hərbi əməliyyat" - əslində, qanlı işğalçılıq siyasəti yürüdən bir zehniyyət, bir zəhmət, bizim legitim, normal və əlbəttə, beynəlxalq hüquqa dayalı tələblərimizə xüsusi həssaslıqla yanaşsın. Ümumən hadisələrə haqlı yanaşsın, bəlkə bununla, okeanlardakı rus tankerlərinə yanaşanlar da silahdan çox salamlamaya gəlmiş ola...", - deyə türkoloq sonda əlavə edib.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova