İran ittiham edir: “Xaosun arxasında İsrail və ABŞ dayanır”
9 Yanvar 18:10 Siyasətİranda baş verən iğtişaşlara görə məsuliyyətin İsrail və ABŞ-nin üzərinə qoyulduğu barədə rəsmi bəyanat yayılıb.
Musavat.com xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilir ki, son günlərdə ölkədəki etirazlar ilkin mərhələdə iqtisadi qeyri-sabitliyə qarşı narazılıqlardan başlasa da, sonradan prosesə xarici müdaxilə edilib. Rəsmi Tehran iddia edir ki, "sionist düşmən" adlandırılan İsrail bu etirazları ölkədə sabitliyi pozmaq istiqamətinə yönəldib.
Bəyanatda ABŞ prezidenti Donald Trampın son açıqlamalarının da iki ölkə arasında razılaşdırılmış fəaliyyətin göstəricisi olduğu vurğulanır.
Qeyd olunur ki, İsrail və ABŞ İran xalqının həyat əsaslarını sarsıtmaq məqsədi güdən planlar həyata keçirməyə çalışır.
Ali Şuranın açıqlamasında xatırladılır ki, İran xalqı daha əvvəl İsraillə baş vermiş 12 günlük müharibə zamanı birlik nümayiş etdirərək "düşməni strateji məğlubiyyəti qəbul etməyə məcbur edib". Rəsmi Tehranın fikrincə, bu gün də eyni milli birlik nümayiş etdiriləcək və "bütün dağıdıcı planlar iflasa uğradılacaq".