Makronun "Müstəqil Avropa" manifesti: ABŞ və Çin arasında sıxılan qitənin xilas yolu – ÖZƏL
9 Yanvar 17:41 Siyasət"Makronun çıxışı ilk dəfə səsləndirilən fikirlər deyil. Bu, onun mütəmadi olaraq təkrarladığı mövqelərin davamıdır. Sadəcə bu dəfə tezislər daha kəskin formada ifadə olunub".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Emmanuel Makron Avropanın daha müstəqil bir siyasi və iqtisadi gücə çevrilməsi məsələsində uzun müddətdir açıq və qəti mövqe nümayiş etdirir. Onun əsas məqsədi Avropanı həm ABŞ-dən, həm də Çinin Avropaya yönəltdiyi investisiya və subsidiyalardan həddindən artıq asılı vəziyyətdən çıxarmaqdır. Makron Fransanın, Almaniyanın və bütövlükdə Avropa İttifaqının müstəqil strateji xətt üzrə inkişaf etməsinin tərəfdarıdır. Ukrayna-Rusiya müharibəsi zamanı açıq şəkildə gördük ki, Avropa İttifaqı hərbi baxımdan ABŞ-dən ciddi şəkildə asılıdır. Digər tərəfdən, iqtisadi sahədə də ABŞ Avropaya strateji, maliyyə və bazar baxımından güclü təsir göstərir. Rəqabət müstəvisində də Avropa bir çox hallarda ABŞ-nin müəyyən etdiyi çərçivələr daxilində hərəkət etməyə məcbur qalır. Məhz bu səbəbdən Makron hesab edir ki, Avropa İttifaqının ABŞ-dən həm iqtisadi, həm də siyasi asılılığı həddindən artıq yüksəkdir və bu vəziyyət dəyişdirilməlidir. O, Avropanın daha müstəqil və öz maraqlarına əsaslanan bir yol seçməsinin vacibliyini vurğulayır.
"Avropa İttifaqında istehsal gücünə görə Almaniya ön sıradadır. Bu ölkənin sənaye potensialının artması və həmin istehsalın digər Avropa ölkələrinə də töhfə verməsi məsələsi xüsusi diqqət çəkir. Digər tərəfdən, Makron hərbi sahədə də Avropanın ABŞ-dən asılılığının azaldılmasını vacib hesab edir. O, Avropanın NATO üzvü olaraq qalmasını dəstəkləyir, lakin eyni zamanda NATO-dan tam asılı olmayan, özünə məxsus Avropa ordusunun formalaşdırılmasını təklif edir. Məqsəd ondan ibarətdir ki, zərurət yarandığı halda Avropa İttifaqı öz təhlükəsizliyini özü təmin edə bilsin. Digər mühüm məsələ isə Çinlə bağlıdır. Hazırda Avropa İttifaqı ABŞ və Çin arasında gedən qlobal rəqabətin ortasında qalıb. Çinin Avropa ölkələrinə yönəltdiyi investisiyalar və subsidiyalar açıq şəkildə görünür. Bir çox Avropa dövləti Çin kapitalından faydalanır və bu da Çin istehsalına tələbat yaradır. Eyni zamanda Çin məhsullarının Avropa bazarına daxil olması Avropa ilə Çin arasında iqtisadi balans məsələsini gündəmə gətirir. Makron burada əsas məqsədin Avropanın Çindən asılı hala düşməsinin qarşısını almaq olduğunu vurğulayır. Onun fikrincə, münasibətlər balanslı olmalı, asılılıq birtərəfli xarakter daşımamalıdır", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Çin bu gün dünya üzrə istehsal sahəsində lider mövqedədir və bu, onun həm iqtisadi, həm də geosiyasi təsir imkanlarını artırır. Makron Avropa İttifaqında Çinin bu təsirinin həddindən artıq güclənməsinin qarşısını almaq niyyətini açıq şəkildə ifadə edir. O hesab edir ki, ABŞ-Çin rəqabəti fonunda Avropa kənarda qalmamalı, öz müstəqil strategiyasını formalaşdırmalıdır.
Makron hər çıxışında Avropa İttifaqının müstəqil bir siyasi birlik kimi formalaşmasını vacib sayır. Onun fikrincə, Avropa dövlətləri iqtisadi, siyasi və hərbi baxımdan daha sərbəst, daha strateji düşünən və öz maraqlarını qoruyan bir mövqedə olmalıdır. Təbii ki, bu yanaşma ABŞ tərəfindən tam şəkildə qəbul olunmur. Çünki ABŞ uzun illərdir Avropanın siyasi, iqtisadi və hərbi baxımdan ona bağlı olmasına öyrəşib. Çin də öz maraqları naminə Avropada mövqelərini gücləndirməyə çalışır. Məhz bu iki böyük güc arasında qalmaq Avropa ölkələrində narahatlıq yaradır və Makronun dediyi kimi, Avropa İttifaqı bu vəziyyətdən çıxmaq üçün daha müstəqil və balanslı siyasət yürütməlidir.
Lamiyə Cəbrayılova