Ört-basdır cəhdi, yoxsa institusional ziddiyyət? AZAL qəzası ətrafında suallar- ÖZƏL 

Azərbaycan Milli QHT Forumu Rusiyanın səfiri Mixail Yevdokimova açıq məktub ünvanlayıb. Məktubda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin 2024-cü ilin dekabrında Qroznı səmasında vurulan AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verməsi kəskin pislənir. Forum bəyan edib ki, təyyarənin "Pantsir-S1" kompleksi ilə vurulmasına dair təkzibedilməz sübutlar olduğu halda, hadisənin "hava şəraiti" ilə əlaqələndirilməsi qəbuledilməzdir. Məktubda Bastrıkinin mövqeyinin Prezident Putinin bəyanatları ilə ziddiyyət təşkil etdiyi vurğulanır və rəsmi üzrdən əlavə, günahkarların cəzalandırılması və təzminat ödənilməsi tələb olunur. QHT rəhbərliyi səfirdən qəbul və rəsmi izahat gözləyir.
Rusiya bu addımlarla nə etmək istəyir? Bu insidentin hüquqi müstəvidə qapadılması cəhdi Bakı və Moskva arasındakı strateji tərəfdaşlıq ruhuna nə dərəcədə zərər vura bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" Rusiyanın AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı hadisəni ört-basdır etməyə çalışması, öz məsuliyyətindən yayınmaq və məsələni texniki müstəviyə keçirmək niyyətindən xəbər verir. Bu addım dövlət məsuliyyəti, hərbi səhv ehtimalı və beynəlxalq hüquqi öhdəliklərdən kənar qalmaq məqsədi daşıyır.
Hadisənin, sadəcə,  təsadüf və hava şəraiti ilə əlaqələndirilməsi bu kontekstdə qiymətləndirilməlidir. Eyni zamanda, Rusiya bu yanaşma ilə təzminat məsələlərinin beynəlxalq hüquqi prosedurlara çıxarılmasının qarşısını almağa çalışır. Bu, açıq şəkildə müdafiə xarakterli və önləyici davranışdır.
Məsələ daha geniş təhlükəsizlik arxitekturası ilə bağlıdır. Belə ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qərarı ilə Rusiya Prezidenti Vladimir Putinin bu hadisə ilə bağlı səsləndirdiyi mövqelər arasında ziddiyyət müşahidə olunur. Bu isə ya istintaq orqanlarının Prezidentin mövqeyini yumşaltmağa çalışdığını, ya da Rusiyada müəyyən institusional uyğunsuzluğun mövcud olduğunu göstərir.
Hər iki halda bu yanaşma etimada ciddi zərər vurur. Əgər hadisə ört-basdır edilərsə, bu, ictimai rəydə narazılıq doğurmaqla yanaşı, məsələnin artıq ictimai-siyasi xarakter aldığını göstərir. QHT-lərin prosesə açıq şəkildə qoşulması da bunun bariz nümunəsidir.
Ümumilikdə isə bu məsələ öz həllini tapmalıdır. Hadisə açıq və praqmatik şəkildə etiraf olunmalı, təzminat məsələləri həll edilməlidir. Azərbaycan bu mövzuda öz mövqeyində qətidir və məsələnin tam hüquqi müstəvidə həllini istəyir. Beynəlxalq hüquq çərçivəsində atılacaq addımlar prinsipial şəkildə Azərbaycanın gündəmində saxlanılır.
Rusiya isə öz növbəsində, təyyarə qəzası ilə bağlı üzərinə düşən məsuliyyəti dərk etməli, Prezident Vladimir Putinin səsləndirdiyi mövqelərlə uyğun şəkildə bu məsələni həll etməyə çalışmalı və zəruri addımları atmalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31