Fələstin və Qəzza məsələsi - AZƏRBAYCANIN MÖVQEYİ
9 Yanvar 11:49 SiyasətAzərbaycan Respublikasının Fələstin-Qəzza məsələsinə münasibəti emosional dalğalanmalara əsaslanmır - bunu ilk cümlədə demiş olaq; bizim baxışımız beynəlxalq hüquq, zəruri tarazlı diplomatiya və regional məsuliyyət prinsipinə əsaslanır. Bu prinsipial mövqe uzun illərdir dəyişməzdir və konkret siyasi davranışlarla təsdiqlənib. Sözümüz sözdür - "Sözümüz imzamız qədər keçərlidir"!
Prinsipial xətt nədən ibarətdir? - Əlbəttə, müstəqil Fələstin dövlətinin qurulmasını ən adil yol bilərək, ona mümkün dəstək vermək!
Azərbaycan tarixən və ardıcıl şəkildə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməsi təsadüf sayıla bilməz - bu mövqe özəlliklə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı platformlarında açıq şəkildə ifadə olunub.
Fələstin Dövlətinin səfirliyi Azərbaycanın maliyyə dəstəyi ilə (!) Bakıda fəaliyyət göstərir. - Məgər bu bir simvolik aktdırmı? - Əsla! - Bu, gerçək siyasi jestdir. Yəni belə faktlar Azərbaycanın mövqeyinin deklarativ olmadığını, institusional və praktik xarakter daşıdığını göstərir.
Yaxud Şarm-Əl-Şeyx Sammitini yada salaq.
Azərbaycan Şarm-Əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirak etməklə regional sülh təşəbbüslərinə açıq olduğunu nümayiş etdirib. Bu iştirak tərəflər arasında dialoqun təşviqi, münaqişənin genişlənməsinin qarşısının alınması, humanitar fəlakətin dərinləşməməsi kimi ülvi məqsədlərə xidmət edirdi.
Azərbaycan bu platformda da məsuliyyətli regional aktor mövqeyindən çıxış edib.
Rəsmi Bakının haqlı mövqeyinə görə, Fələstin məsələsinin ədalətli həlli ilk növbədə ərəb dövlətlərinin siyasi iradəsindən asılıdır. "Dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz" - Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli TV-lərə müsahibə verərkən, müvafiq sualın cavabında eynən belə dedi. Bəli,, özəlliklə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi ölkələrin mövqeyi həlledici önəm daşıyırkən, məsələn, Tehranın fars-molla rejimi ərəbdən artıq ərəb ola bilərmi? - Hələ-hələ öz xalqının ehtiyaclarını gərəyincə qarşılamazkən...
Azərbaycan bu gerçəkliyi nəzərə alaraq, regionun daxili konsensusunu dəstəkləyən xətt tutur. - Bu, ləyaqətli xətdir; bu, fələstinlilərin taleyi ilə oynayanlara, öz çıxarlarını (ya zəlzələ ya vəlvələdən) günahsız qanlar üzərindən təmin etməyə çalışanlara müdrik cavab-çağırışdır.
Azərbaycan hazırkı mərhələdə Qəzzada hərbi və ya sülhməramlı missiyada iştirak etməyi planlaşdırmır. Anlayışla qarşılanmağı haqq edən bu qərar münaqişənin mürəkkəb və çoxqatlı xarakteri, risklərin regional eskalasiyaya açıq olması, hərbi iştirakın siyasi nəticələrinin qeyri-müəyyənliyi ilə sıx bağlıdır.
Bununla yanaşı, Azərbaycan humanitar yardım, tibbi və texniki avadanlıq, mülki əhali üçün dəstək mexanizmləri vasitəsilə prosesə töhfə vermək imkanlarını açıq saxlayır. Doğru-dürüst olan yanaşma da məhz bu deyilmi?
Ayrıca, tarixi və siyasi yaddaşı - problemli məqamları da səmimi şəkildə vurğulamalıyıq.
Fələstin hərəkatının müəyyən mərhələlərdə erməni terror təşkilatlarına dəstək verməsi, Fələstinin simvol ismi Yasir Ərafatın (04.08.1929 - 11.11.2004) Ermənistan rəhbərliyi ilə açıq yaxınlıq nümayiş etdirməsi, Fələstin xarici siyasətində erməni mənşəli fiqurların yer alması, qondarma "erməni soyqırımı" ilə bağlı marka buraxılması bizim toplumda haqlı suallar doğurub.
Buna baxmayaraq, Azərbaycan tarixi inciklikləri siyasətin önünə çıxarmadan, prinsipial və soyuqqanlı xəttini qoruyur.
Göründüyü kimi, Azərbaycanın Fələstin-Qəzza məsələsində mövqeyi hüquqa söykənən, regional balansı nəzərə alan, emosiyadan uzaq, ədalətli bir mövqedir.
Bu yanaşma Azərbaycanın öz milli çıxarlarını qorumaqla yanaşı, yüksək beynəlxalq məsuliyyət hissini də göstərir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI