Parçalanmış İran nə bizə, nə də qardaş Türkiyəyə sərf edir- ÖZƏL

İranın 12 günlük müharibədən sonra düşdüyü tələ minillərin dövlətçilik tarixinə malik olan İrana yaraşmadı. İran müharibədən sonra "sənin daha güclü silahlara ehtiyacın var, sənə silah verək" deyən bir-iki dövlətin fikirlərini dinləyərək ciddi bir şəkildə silahlanmağa başladı. Yenidən güclənməni silaha, orduya daha çox pul xərcləməkdə gördülər. Nəzərə almadılar ki, əvvəla nə qədər silahlansalar da İsrail və ABŞ-nin müasir texnologiyalara əsaslanan güclü ordularına və aviasiya imkanlarına qarşı heç nə edə bilməyəcəklər. İkincisi, həmin xərcləri büdcə və iqtisadiyyat həzm edə biləcək? Əlbəttə yox. Silah haradan alınır? Xaricdən. Yəni, dollarla. O qədər dollar xərcləyib sonra ticarət balansındakı kəsiri nə ilə bağlayacaqsan? Devalvasiya ilə. Devalvasiya nə gətirəcək? İnflyasiya, çökən iqtisadiyyat. İran iqtisadiyyatı şaxələndirilmiş və ixrac potensialı zəifləyən lirəyə adekvat reaksiya verə bilən Türkiyə iqtisadiyyatı deyil. Bunları nəzərə almayan İran atdığı yanlış addımlarla əhalini özü küçələrə tökdü. Prezident Pezeşkiyan məhz buna görə "təqsir bizim özümüzdədir" deyir. O zatən həmin xərcləmələri mənasız hesab edirdi. İran güclü dövlətçilik ənənələrinə sahib ola bilər, ciddi dəstək verən böyük dostları (Çin, Rusiya) ola bilər (qeyd edim ki, Fransa İrandan əlini çəkdi. Bu məsələdə anlaşdılar.), bir neçə kvazi güclərə (Hizbullah, Husilər və sair) sahib ola bilər, amma iqtisadi məsələlərin bunların hamısından daha mürəkkəb olduğunu diqqətə almadı, iqtisadiyyata barmaqarası baxdı. İranda rejim dəyişikliyi istəyən qüvvələrə də bu lazım idi;
- Özünü dərin və qədim dövlət adlandıran İranın Zəngəzur Dəhlizi kimi qlobal layihəyə qarşı çıxması ən böyük ikinci səhvi idi. Belə bir dövlətin belə kobud səhvə yol verməsi digər məlum müttəfiqinin də təzyiqi və yumşaq desək, məsləhətləri ilə ola bilərdi;
- Pəhləvi hakimiyyətə gələcək? Trampın mövqeyi odur ki, İranda çoxluq kimi dəstəkləsə dəstəkləyəcəm. Çünki, maraqlı məsələ İranın hansı quruluşa sahib olması deyil. Maraq doğuran məsələ Çin, Rusiyanın nüfuz dairəsindən çıxan, ABŞ, İsrail əleyhinə olmayan bir İranın olmasıdır;
- Güclü bir lider istəyirlər ki, əgər rejim dəyişsə, növbəti mərhələdə uzunmüddətli anarxiya olmasın. Qısa müddətdə İran nefti bazarlara çıxsın. Bunu bir az aydınlaşdırım. İran, o cümlədən Venesuela Çinə bir bareli 30-40 dollara neft satırdı. Tramp deyir ki, Çin də neftini dünya bazarındakı qiymətlərə almalıdır. Bunu təmin etməyin yolu isə həmin dövlətlərdə neftə nəzarəti təmin etməkdir;
- İranda indiyə qədər daha çox farslar etirazlara qoşulmuşdular. Çünki, digər xalqlar, o cümlədən cənubi azərbaycanlılar Pəhləvini istəmirdilər. Lakin, hazırda cənubi azərbaycanlılar və digər xalqlar da aktivləşdilər, nəticədə şüarlar dəyişməyə başladı. Pəhləviyə qarşı da şüarlar səsləndirilməyə başladı. Bunu nəzərə almaqda fayda var. Deməli, Pəhləvilərin İranda çoxluq tərəfindən qəbul olunmadığı görünsə, başqa bir lider axtaracaqlar;
- Parçalanmış İran nə bizə, nə də qardaş Türkiyəyə sərf edir. Çünki, Türkiyə üçün yeni problem, İran Kürdüstanı məsələsi meydana gələ bilər. Açığı bölgəmiz də parçalanmış İran amilini həzm edə bilməz. Burada digər riskli amillər də ortaya çıxdığı üçün əslində vətəndaş müharibəsinə, xaosa, parçalanmaya məruz qalan İran bölgədəki dövlətlərə sərf etmir;
- Əgər rejim dəyişərsə, İran üçün ən ideal variant, Venesuelaya oxşar variantın tətbiqidir. Molla rejimi gedir, Pezeşkiyan Prezident olaraq qalır, İran ya Prezident, ya da Parlament üsul-idarəsinə keçir. Bu İran üçün ideal variant olar. Lakin, isterika, nifrət, kin-küdurət, qəzəbin olduğu yerdə rasional düşüncəyə, ideal variantlara nə dərəcədə yer olacaq? Bütöv və stabil İran, bölgədəki stabillik üçün bu ən ideal və rasional variantdır!
Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31