Azərbaycan-ABŞ əlaqələri yeni mərhələdə
9 Yanvar 12:00 Siyasət907-ci düzəlişin ləğvi iki ölkə arasında strateji əməkdaşlığı daha da gücləndirəcək
İkinci Qarabağ Müharibəsinin zəfərlə yekunlaşması Azərbaycanın xarici siyasət gündəliyində köklü dəyişikliklərə yol açdı. Zəfərdən sonrakı dövrdə bir sıra yeni hədəflər ortaya çıxsa da, Azərbaycanın xarici siyasətinin xarakterini müəyyən edən əsas strateji xətt dəyişməz qalıb. Azərbaycan müstəqilliyin ilk illərindən formalaşdırdığı milli maraqlara əsaslanan çoxvektorlu siyasəti davam etdirib. Xüsusən, 2025-ci ildə beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər, qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və qeyri-müəyyənliklər fonunda, daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikası Prezidentinin qətiyyətlə yürütdüyü müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib. Bu kursun əsasında Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq münasibətlərdə strateji manevr imkanlarını geniş saxlamaq dayanır. Başqa sözlə, Bakı eyni anda bir neçə güc mərkəzi ilə qarşılıqlı faydalı əməkdaşlıq quraraq, hər hansı birinə həddən artıq asılı olmamağa çalışır.
Şanlı zəfərimizin, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasının 5 illiyinin qeyd olunduğu 2025-ci ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin normallaşdırılması ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. Ötən il dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-ABŞ əlaqələrinin inkişafında yenu mərhələnin əsasını qoydu. Keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində 2025-ci il müharibədən sülhə keçid fonunda Azərbaycan-ABŞ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi tarixi dönüş ili oldu.
Məlum olduğu kimi 907-ci düzəliş 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən qəbul edilərək, Azərbaycana birbaşa dövlət yardımını qadağan edib. Düzəlişin qəbulunda Con Kerri, Veyn Ovens və Cozef Bayden fəal rol oynayıblar və 1993-cü ildən tətbiq olunmağa başlayıb. 2002-ci ildən etibarən müvəqqəti dondurulan düzəliş Bayden administrasiyası dövründə yenidən tətbiq olunub. İndi isə 907-ci düzəlişin aradan qaldırılması, Azərbaycan və ABŞ arasında əməkdaşlığı genişləndirmək üçün aktual məsələ hesab olunur. Bu düzəlişin məntiqi əsasları itmiş olsa da, onun ləğvi ABŞ-ın Azərbaycana birbaşa yardımı, strateji tərəfdaşlıq və regional təhlükəsizlik üçün yeni imkanlar açacaq. Onu da qeyd edək ki, ABŞ prezidentləri əvvəllər düzəlişin tətbiqindən imtina etsələr də, sonuncu dəfə 2025-ci ildə dayandırıldığı elan edilib. Xatırladaq ki, 8 avqust 2025-ci ildə Prezident İlham Əliyev Ağ Evdə Prezident Donald Trampla görüşüb. Görüş zamanı ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair Memorandum imzalanıb. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal sahə, sərmayələr, müdafiə və təhlükəsizliyi əhatə edir. Prezident Tramp 907-ci düzəlişin tətbiqini dayandıran sərəncam imzalayıb. ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan-Ermənistan Birgə Bəyannaməsi imzalanıb, sülh sazişi layihəsi paraflanıb və ATƏT-in Minsk Qrupu ləğv edilib. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Azərbaycan-Naxçıvan arasında maneəsiz bağlantını nəzərdə tutan TRIPP marşrutudur. Strateji Tərəfdaşlıq Xartiyası üzrə işlər yekun mərhələdədir və imzalanması gözlənilir. Etiraf edilməlidir ki, Prezident Donald Tramp administrasiyasının praqmatik, milli maraqlara əsaslanan siyasət yürütməsi, Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən təsdiqlənməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Məhz bu qərarın Azərbaycan-ABŞ münasibətlərinin inkişafına, eləcə də ölkəmizin beynəlxalq aləmdə dəstəklənməsinə təsiri danılmazdır. Belə ki, 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılması, ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun yaradılması, Azərbaycanın hərbi qələbəsini qlobal siyasi müstəvidə təsdiqlənməsi anlamına gəlir. Başqa sözlə, 907-ci düzəlişin ləğvi ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Aydındır ki, Azərbaycana qarşı 907-ci düzəliş in tətbiqi tarixi ədalətsizliyin bariz nümunəsi idi. Artıq siyasi əhəmiyyətini itirən bu qərar tamamilə mənasızdır və yeni ABŞ-Azərbaycan reallıqları fonunda birdəfəlik ləğv olunmalıdır. Əslində sözügedən qərarın Azərbaycana elə də ciddi təsiri yox idi. Çünki, 907-ci düzəliş erməni lobbisinin təsiri və o dövrdəki zəif, qeyri-peşəkar Azərbaycan hakimiyyətinin fəaliyyətsizliyi nəticəsində mümkün olmuşdu.Sənəd ABŞ-Azərbaycan münasibətlərində siyasi təzyiq aləti rolunu oynayıb, bu işdə Bayden-Blinken administrasiyası xüsusi fəallıq göstərib. Artıq Tramp administrasiyası ilə ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə keçib, odur ki, 907-ci düzəliş Konqres tərəfindən birdəfəlik ləğv edilməlidir.
Siyasi ekspertlərin qənaətinə görə, 907-ci düzəlişin ləğvi Azərbaycanla-ABŞ arasında münasibətlərin keyfiyyətcə yeni mərjələyə qədəm qoymasına səbəb olacaq. Paralel olaraq, regionda iqtisadi və ticari əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. Məlum olduğu kimi hazırda Azərbaycan ərazisindən Ermənistana müxtəlif yüklər daşınır, ölkəmizin neft məhsulları Ermənistan bazarına ixrac olunur. Bu faktlar bir daha sübut edir ki, 907-ci düzəlişin əsaslandırıldığı blokada anlayışı artıq mövcud deyil və həmin məhdudiyyətlər faktiki olaraq aradan qalxıb. Bu baxımdan Konqresdə 907-ci düzəlişin ləğvi ilə bağlı qərarın qəbul olunması Azərbaycan-ABŞ münasibətlərinin daha da genişlənməsinə, regionda iqtisadi əməkdaşlığın güclənməsinə real imkanlar yaradacaq. Bu isə eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, strateji tərəfdaşlarla əlaqələrin dərinləşməsinə və Cənubi Qafqazda dayanıqlı sülh və inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət edəcək.
Alim