Orta Dəhliz və "Bir kəmər, bir yol": Bakı ilə Pekinin strateji maraqları kəsişir – ÖZƏL
8 Yanvar 18:01 Siyasət"Xankəndində və Şuşada forumların keçirilməsi dünyaya açıq mesaj verir: Qarabağ Azərbaycandır, Azərbaycanın legitim əraziləridir, şəhərləridir və bu torpaqlar uzun illər qeyri-qanuni işğal altında olub".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu ərazilərə səfər edən insanlar yolboyu gördükləri dağıntıları, viran qalmış kənd və şəhərləri müşahidə edərək son otuz il ərzində Azərbaycan torpaqlarında nələrin baş verdiyini aydın şəkildə anlayırlar. Bu, əslində, çox güclü bir PR vasitəsidir. Həm orada törədilmiş vandalizmi və vəhşilikləri dünyaya göstərmək, həm də beynəlxalq ictimaiyyətə mesaj vermək baxımından mühüm əhəmiyyət daşıyır: artıq bu torpaqların sahibləri qayıdıb. Bu, Azərbaycan torpaqlarıdır və Azərbaycan həmin əraziləri bərpa edir. Burada yenidən həyat dirçəlir. Bu proses eyni zamanda onu göstərir ki, bizim mübarizəmiz haqlı idi və Azərbaycan öz əraziləri üzərində suveren hakimiyyətini bərpa edib. Məncə, bu olduqca önəmli məqamdır.
"Çinlə Azərbaycanın hərtərəfli strateji tərəfdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Çin dünyanın ən böyük iqtisadi güclərindən biridir və artıq qlobal miqyasda tanınan, qəbul edilən əsas güc mərkəzlərindən sayılır. Çinlə əməkdaşlığın inkişafı, ilk növbədə, Orta Dəhlizin əhəmiyyətini artırır və bu yolun tam işlək hala gəlməsinə ciddi töhfə verir. Təbii ki, Çinin "Bir kəmər, bir yol" strategiyası ilə Azərbaycanın Orta Dəhliz strategiyası mahiyyət etibarilə üst-üstə düşür və hər iki tərəfin maraqlarına uyğundur. Çindən Avropaya alternativ ticarət yolları mövcud olsa da, Azərbaycanın əsas marağı ticarətin məhz ölkəmizdən keçən marşrut üzərindən həyata keçirilməsidir. Bu baxımdan strateji tərəfdaşlıq həmin layihələrin reallaşmasına real töhfə verir", - deyə ekspert əlavə edib.
Ə. Mustafa bildirib ki, heç kimə sirr deyil ki, Cənubi Qafqaz və Türküstan coğrafiyası hələ də geosiyasi baxımdan seysmik ərazi olaraq qalır. Bu regionla bağlı böyük güclərin maraqları və iddiaları mövcuddur. Rusiya, İran və digər aktorlar Çinlə Azərbaycanın əməkdaşlığını diqqətlə izləyir və bu yaxınlıq onların aqressiv davranış imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bu mənada Çinlə əməkdaşlıq Azərbaycan üçün eyni zamanda bir növ təhlükəsizlik çətiri rolunu da oynayır. Eyni zamanda Çin böyük iqtisadi və maliyyə gücünə malik dövlətdir. Gələcəkdə Çinin Azərbaycana investisiya qoymaq potensialı yüksəkdir. Məlumdur ki, ölkəmizdə yeni iş yerlərinə, əhalinin məşğulluğunun artırılmasına ciddi ehtiyac var. Mən düşünürəm ki, bu sahədə də əməkdaşlıq üçün real imkanlar mövcuddur. Çinlə strateji yaxınlıq məhz bu istiqamətdə də Azərbaycana müəyyən üstünlüklər və avantajlar qazandıra bilər.
Lamiyə Cəbrayılova