"KTMT-yə yox, NATO-ya uyğunlaşma": Ermənistanın yeni təhlükəsizlik axtarışı – ÖZƏL
8 Yanvar 16:51 Siyasət"Nikol Paşinyanın KTMT ilə bağlı mövqeyini bir daha açıq və birmənalı şəkildə təsdiqləməsi təsadüfi deyil. Bu, artıq emosional bəyanat yox, Ermənistanın təhlükəsizlik kursunda baş verən dərin və geri dönməz strateji dönüşün göstəricisidir. Paşinyan faktiki olaraq etiraf edir ki, KTMT Ermənistan üçün nə siyasi təminat, nə də real təhlükəsizlik mexanizmi rolunu oynaya bildi".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.
"Ermənistanın KTMT-yə qayıtmaqdan imtinası avtomatik olaraq NATO-ya üzvlük demək olmasa da, Qərbin təhlükəsizlik arxitekturasına inteqrasiya cəhdlərini sürətləndirə bilər. Burada əsas hədəf klassik NATO üzvlüyündən daha çox, Alyansla uyğunlaşma, hərbi standartların dəyişdirilməsi, təlim proqramları və siyasi-hərbi koordinasiyanın gücləndirilməsidir. Paşinyan hökuməti anlayır ki, Qərb Ermənistana kollektiv müdafiə vədi vermir, amma Rusiya modelindən fərqli olaraq, siyasi manevr imkanları yaradır.
Moskvanın "maneə görmürük" mesajı isə daha çox diplomatik ritorikadır. Reallıqda Ermənistanın KTMT-dən faktiki çıxışı Rusiya-Ermənistan münasibətlərində ciddi çatlar yaradıb və bu proses hələ yeni başlayır. Qısa müddətdə açıq sanksiyalar gözlənilməsə də, iqtisadi rıçaqların işə salınması istisna deyil. Enerji qiymətləri, ticarət güzəştləri, miqrant məsələləri və investisiya axınları Kremlin əlində olan əsas təzyiq mexanizmləridir.
Siyasi müstəvidə isə Ermənistanın regional məsələlərdə Rusiyanın prioritetlərindən kənar mövqe tutması İrəvanın mövqelərini daha da zəiflədə bilər. Moskva Cənubi Qafqazda balansı yenidən qurarkən Ermənistanın maraqlarını əvvəlki kimi avtomatik şəkildə müdafiə etməyəcək", - deyə ekspert bildirib.
Siyasi şərhçi hesab edir ki, Paşinyanın KTMT-yə "yox" deməsi Ermənistanı nə dərhal Qərbin təhlükəsizlik qalxanı altına salır, nə də Rusiyanın təsirindən tam xilas edir. Amma bu qərar bir həqiqəti ortaya qoyur ki, Ermənistan artıq köhnə təhlükəsizlik modelinin dağıldığını qəbul edir və yeni, riskli, lakin alternativsiz bir yol axtarışındadır. Bu yolun sonunun harada bitəcəyi isə təkcə İrəvandan deyil, Qərbin real niyyətlərindən və regiondakı yeni geosiyasi balansdan asılı olacaq.
Lamiyə Cəbrayılova