Azərbaycanın Cənubi Qafqaz və Avrasiya məkanında geosiyasi rolu artıb - Özəl

"Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində olduqca mühüm məsələləri əhatə edən mövzular ətrafında Ona ünvanlanan sualları ətraflı və tam dolğun şəkildə cavablandırıb. Dövlətimizin başçısı ötən ilin ölkəmiz üçün bütün sahələrdə uğurla müşahidə edildiyini vurğulayıb. Qeyd edilib ki, 2025-ci ildə əldə edilən nailiyyətlər fonunda Azərbaycanın enerji ixracı, regional əməkdaşlıq və bu sahədə əldə olunan nailiyyətlər, infrastruktur layihələrinin icrası, rəqəmsal və texnoloji inkişaf, sosial, əmək bazarı ilə yanaşı digər proqramlar uğurla icra olunub". "Olayar" xəbər verir ki, bunu  YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ölkə başçısının müsahibəsində toxunduğu mühüm məsələlərin əhəmiyyətindən bəhs edərkən deyib: "Müəyyənləşmiş strategiyaya uyğun olaraq 2026-cı ilin də ölkəmizin bütün sahələrində müvəffəqiyyətlərlə yadda qalacağına əminlik mövcuddur. Sözsüz ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi ölkənin daxili və xarici siyasət prioritetlərinin, regional proseslərə baxışının, eləcə də postmünaqişə dövründə qarşıya qoyulan strateji hədəflərin sistemli şəkildə təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir. Müsahibədə səsləndirilən fikirlər dövlətin mövcud siyasi kursunun ardıcıllığını və uzunmüddətli inkişaf strategiyasını aydın şəkildə əks etdirir.
Ölkə başçısının müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərində formalaşmış yeni siyasi reallıqlara toxunaraq münaqişənin artıq hərbi mərhələsinin arxada qaldığını, hazırkı mərhələdə sülh və əməkdaşlıq üçün real imkanların mövcud olduğu vurğulanıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəyişməz qaldığı, regionda davamlı sülhün yalnız qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması əsasında mümkün olduğu bir daha qeyd olunub. Təbii ki, bu yanaşma Azərbaycanın regional siyasətinin konstruktiv xarakter daşıdığını və qarşıdurmadan deyil, əməkdaşlıqdan çıxış etdiyini göstərir. Eyni zamanda, Prezidentin bəyanatları sülh prosesində məsuliyyətin qarşı tərəfin üzərinə də düşdüyü mesajını ehtiva edir.
Bütün bunların fonunda Azərbaycanın Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında artan geosiyasi rolu da ölkəmizin başçısı tərəfindən xüsusi ilə diqqətə çatdırılıb. Prezident İlham Əliyev ölkənin Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağına çevrildiyini, həyata keçirilən beynəlxalq layihələrin regional əməkdaşlığa töhfə verdiyini bildirib. Bu kontekstdə səsləndirilən fikirlər Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də beynəlxalq nəqliyyat və ticarət marşrutlarının təhlükəsizliyini təmin edən etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdiyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31