Kadr və milli təhlükəsizlik (2-ci yazı) - Cavid İSMAYIL yazır

1-ci yazını buradan oxuya bilərsiniz. https://onn.az/.../315574-kadr-vc999-milli...
Yaxşı yadımdadır, Milli  Məclisin  hələ 2018-ci ilin payız sessiyasının ilk iclasında millət vəkili, hörmətli Fazil Mustafa  Azərbaycanda məmurları qoruyacaq heç bir mexanizm olmaması  ilə bağlı bir məsələ qaldırmışdı. O qeyd etmişdi ki, ölkədəki məmurlar öz işlərini bilən, savadlı və dürüst mütəxəssislərdir: "Amma müəssisə sahibi, komitə sədri, nazir dəyişən kimi məmurların problemləri yaranır. Hər bir nazir, ya komitə sədri "öz meyarlarını" gətirir və oranı istədiyi kimi idarə edir. "Sözə baxmayanları" isə istədiyi vaxt işdən çıxarır. Heç nəyi, o cümlədən həmin məmurun keçmiş fəaliyyətini nəzərə almır. Ona görə də məmurları qoruyacaq hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Parlament bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir".
Fazil bəyin bu fikirləri həmin dövrdə cəmiyyətdə ciddi müzakirə obyektinə çevrilmiş, müxtəlif mövqelər və baxışlar səsləndirilmişdi. Bir ziyalı kimi etiraf etməliyəm ki, cəmiyyətimizdə belə bir mexanizmə ehtiyacın olması məni də narahat edir. Lakin günün reallıqları bu ehtiyacı artıq zərurətə çevirib.
Bəli, hər kəsə aydındır ki, istənilən dövlətin mövcudluğu, davamlı və dinamik inkişafı, ümumilikdə isə dövlət təhlükəsizliyinin əsasında duran ən mühüm amillərdən biri kadr məsələsidir.
Əfəndilər, təəssüf hissi ilə deməliyəm ki, cəmiyyətimizdə tez-tez rast gəlinən hallardan biri də budur: istər nazir, istər komitə sədri, istər baş idarə rəisi, istərsə də digər rəhbər vəzifələrə yeni təyinat alan şəxs hələ iş masasının arxasına əyləşməmiş "mən öz komandamla işləyəcəyəm" prinsipini həyata keçirməyə başlayır. Kollektivi tanımadan, orada çalışan əməkdaşların peşəkarlığını, Vətənə, dövlətə və dövlətçiliyə sədaqətini, illərlə göstərdikləri fədakar xidməti nəzərə almadan "biz-onlar" bölgüsü aparılır.
Nəticədə insanlar yeni rəhbərin gözünə girmək üçün "yol" axtarmağa başlayırlar. "Yol" tapan qalır, tapmayan isə işdən uzaqlaşdırılır.
Əlbəttə, etiraf etməliyik ki, müəyyən hallarda sahə üzrə yeni kadrlara ehtiyac yarana bilər və bu zaman yenilənmələr labüddür. Zəruri hallarda kollektivə kənardan mütəxəssis cəlb edilməsinin də əleyhinə deyiləm. Yetər ki, həmin şəxs öz sahəsini bilən, peşəkar və eyni zamanda milli-tarixi dəyərlərə sadiq, dövlətçiliyə bağlı olan kadr olsun.
Lakin illərlə dövlətə vicdanla xidmət edən əməkdaşları kənara çəkib, "bu mənim komandamdır" prinsipi ilə səriştəsiz şəxsləri rəhbər vəzifələrə təyin etmək və sonra da təcrübəli əməkdaşlara "rəhbərə kömək edin" demək anlaşılmazdır. Əgər yeni təyin olunan şəxs işini bilirsə, ona kömək yox, hər kəs öz vəzifəsini icra etməlidir. Yox, əgər o, başqalarının köməyinə möhtacdırsa, o halda hansı əsasla həmin vəzifədə əyləşdirilir?
Bəs nəyə görə ümummilli lider Heydər Əliyev canı bahasına qurduğu, bu gün isə möhtərəm Prezident İlham  Əliyevin gecə-gündüz mübarizə apararaq qoruduğu qüdrətli Azərbaycan dövləti uğrunda minlərlə insan canından keçib? Niyə Vətən yolunda şəhidlər verilib? Məgər bütün bunlar ona görə edilib ki, bəziləri "mənim komandamdan deyil" prinsipi ilə Vətənə, dövlətə, dövlətçiliyə, Heydər Əliyev siyasətinə və Prezidentə sadiq, peşəkar kadrları bir qələmlə silib, onların yerinə iş bilməyən, məsuliyyətsiz və səriştəsiz şəxsləri gətirsinlər? Səbəb  də  o  olsun  ki, həmin  fədakar  adamlar  yeni  gələnin  "komandasından"  deyil?
Əslində, bu kimi hallarda bu gün tez-tez işlədilən "komandam" sözü dünənin "adamımdır" ifadəsinin yeni formasıdır.
Bəli, rəhbər öz "komandasını" formalaşdırmalıdır. Amma necə? Məsələ də elə bundadır.
Ümumiyyətlə, mən təsadüflərə inanmıram. Əminəm ki, məqsədli şəkildə səriştəsiz kadrları irəli çəkmək, milli dəyərlərə və dövlətinə sadiq olan peşəkar kadrları neytrallaşdırmaq niyyəti daşıyır. Bu cür yanaşmaların hədəfi isə birbaşa dövlətçiliyimizdir! Elə bu baxımdan da təsadüfi deyil ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında xüsusi diqqət peşəkar, milli işçi qüvvəsinin formalaşdırılmasına yönəldilib.
Əfəndilər, diqqət edin: AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI!
Elə bu günlərdə prezident İlham Əliyev Azərbaycan televiziyalarına verdiyi müsahibəsində yenə də kadr məsələsini diqqətə gətirdi və bu məsələnin mühüm olduğunu bir daha vurğuladı. Cənab Prezident  Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən azad edilən İcra Başçısı və Naxçıvan Muxtar  Respublika üzrə səlahiyyətli   nümayəndəsinin onlara göstərilən etimadı doğrultmadığı üçün işdən azad edilmələrinə diqqəti yönəldi.
Əfəndilər! Bəli, məhz etimadı! O etimadı ki, Vətənə, dövlətə, xalqa xidmət etmək etimadını doğrultmadıqları üçün işdən azad ediliblər.
Lakin məni düşündürən başqa bir məsələ də var. Belə ki, etimadı doğrutmayanlar həmin vəzifələrdə oturduqları dövrdə ümummilli lider Heydər Əliyev siyasətinə sadiq, Prezidentinə sadiq, dövlətçiliyə sadiq, milli və tarixi dəyərlərə bağlı, peşəkar insanları işdən azad etdikləri yoxdur? Kimlərəsə nəyə görə xoş gəlmədiklərindən, millətə və dövlətə xidmət edən, etimad doğrultmayan böyük məmurlar tərəfindən bir qələmlə karyeralarının üzərindən xət çəkilənlər yoxdur?
Yaxşı xatırlayıram, şanlı tariximizin 44 günlük Zəfəri yazılmamışdan əvvəl mənfur düşmən tez-tez təxribatlara əl atır, zaman-zaman həm hərbi, həm də mülki şəhidlər verirdik. Canımız yanırdı. Televiziya kanallarını açırdıq - əksəriyyəti  öz gündəlik qayğıları, bayağı proqramları ilə məşğul idi; bir sözlə, öz "qəliblərindən" çıxa bilmirdilər.
Məhz belə bir dövrdə, 2020-ci ildə Naxçıvan Televiziyası hörmətli Asim Yadigarın "Döyüş əmri ver mənə, Ali Baş Komandanım!" şeiri əsasında yeri-göyü titrədən möhtəşəm bir videoçarx hazırlayıb yayımladı. Mən həmin videoçarxa dəfələrlə ard-arda baxdım. Elə o vaxt da Azərbaycanın bütün televiziya məkanında bu cür milli-vətənpərvərlik ruhunda videoçarxların hazırlanması və yayımlanması ilə bağlı təkliflə çıxış etmişdim.
Sonrakı mərhələdə, Naxçıvanda aparılan islahatlardan sonra NAX TV-də daha da güclü bir canlanma müşahidə olundu. Dədə-baba köklərinə, milli dəyərlərə, tariximizin təbliğinə yönəlmiş genişmiqyaslı layihələr həyata keçirilməyə başlandı. Ziyalılarla söhbətlərə, gənclərin milli dəyərlər üzərində formalaşdırılmasına xidmət edən sanballı proqramlara geniş yer verildi. Bir ziyalı vətəndaş olaraq bu yenilikləri böyük məmnuniyyətlə izləyirdim.
Və xatırlayıram ki, həmin dövrdə Naxçıvan Televiziyasının rəhbəri Sahil Tahirli idi. Onun rəhbərliyi ilə yeni-yeni uğurlu layihələrin davamını gözlədiyimiz bir zamanda isə mediadan xəbər tutduq ki, Sahil Tahirli vəzifəsindən azad edilib.
Bəli, vəzifə əbədi deyil. Bir gün gələn, bir gün də gedər. Lakin vəzifədən azad olunmaq üçün ciddi və əsaslandırılmış səbəb olmalıdır. Məhz bu məqamda, yazının əvvəlində xatırlatdığım hörmətli millət vəkilimizin çıxışı yenidən yada düşür.
Doğrudur, Sahil Tahirli milli dəyərlərə və dövlətçiliyə bağlı, peşəkar kadrdır - bir iş tapıb çalışacaq. Lakin sual bundadır: Naxçıvan TV-də başlanan o əzmli və məqsədyönlü işlərin aqibəti necə oldu? Bu xətt davam etdirilirmi? Qeyd etdiyim istiqamətdə yeni layihələr varmı?
Və yaxud da təpədən-dırnağa ümummilli lider Heydər Əliyevə bağlı olan, cənab Prezidentə sadiq, peşəkar, intellektual, uzun illərin nəticəsi olaraq dövlətçiliyə sadiq püxtələşmiş bir peşəkar kadr, - Anar İbrahimov, nəyə görə belə peşəkar insanın karyerasının üzərindən xətt çəkilir və dövlətçiliyə fayda vermə əzmində olan bir peşəkar kadr kənarda qalıb. Niyə?
Əfəndilər! Əsla və əsla burada söhbət yalnız bu şəxslərdən getmir. Bu misalı bir neçə nəfərin timsalında çəkməklə konkret faktları qabartmaq istədim. Məqsədim diqqəti vətənə, millətə, dövlətçiliyə və cənab Prezidentə sədaqətli olan, uzun illərin zəhməti nəticəsində formalaşmış, milli və tarixi dədə-kökə bağlı peşəkar milli kadrların bir qələmlə üzərlərinin cızılaraq qeyd etdiyim dəyərlərə xidmət etməkdən məhrum edilməsinə yönəltməkdir. Eyni zamanda, dövlətçiliyə məqsədli şəkildə xəyanət edən qüvvələrin bu gün də sədaqətli kadrları sıxışdırmaq və imkan daxilində sıradan çıxarmaq cəhdlərinə diqqəti yönəltməkdir.
Bəzən görürsən ki, illərlə heç bir işə yaramayan biri hansısa yollarla kiminsə "komandasına" sızır. Əlində portfel, arxasında real iş təcrübəsi olmadan ciddi bir idarəetmə strukturuna rəhbər təyin olunur. Hələ işin mahiyyətini dərk etməmiş, yaxud dərk etməyə çalışarkən, öz dar maraqları çərçivəsində nələrisə "qurmağa" başlayır. Halbuki onun tabeliyində Vətəninə, dövlətinə və Prezidentinə sadiq, peşəkar bir kollektiv fəaliyyət göstərir.
Məhz bu cür yanaşmaların nəticəsində işdə nöqsanlar yaranır, peşəkar kadrlar sıxışdırılır və nəticə etibarilə dövlətə zərbə vurulur. Bir daha vurğulayıram: mən bu cür təyinatlara təsadüf kimi baxmıram. Bu təyinatlar məqsədlidir, Müzəffər Ali Baş Komandan İlham Əliyevə xəyanətdir və bu məkirli qüvvələrin hədəfləri DÖVLƏTÇİLİYİMİZDİR!
Ona da əminəm ki, nəyi necə, nə vaxt etməyi doğru bilən Dövlət Baba, zamanı gəldikcə bu xəyanət əllərini tamamilə zərərsizləşdirəcək. 
Əfəndilər!
Hər kəs anlamalıdır ki, Azərbaycan dövlətçiliyi vahid komandadır. Bu komandanın vahid lideri isə müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Məhz buna görə də cənab Prezident kadr təyinatları zamanı peşəkar və eyni zamanda milli dəyərlərə, dədə-kökə bağlı və dövlətçiliyə sadiq insanların irəli çəkilməsini tövsiyə və tələb edir. Çünki milli dəyərlərə və dövlətçiliyə bağlı insan heç vaxt məkrli xarici qüvvələrə xidmət etməz, xəyanət yolunu tutmaz.
İndi sualım cənab Prezidentin milli təhlükəsizliyimizin təməlində duran ən vacib məsələlərdən biri olan kadr məsələsində verdiyi ana xəttə əməl etməyən məmurlaradır: Dövlət başçısının bu mühüm tövsiyəsinə əməl etməməklə siz kimə xidmət edirsiniz? Kimdir sizin ideoloji rəhbəriniz?
Ardı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31