Qlobal siyasətin qaydası: Güclüsənsə, haqlısan - ÖZƏL

"Venesuela prezidentinin başına gələnlər, bir tərəfdən, beynəlxalq hüququn müəyyən məqamlarda nəzərə alınmamasının göstəricisidirsə, digər tərəfdən isə Venesuelanı idarə edən şəxsin və onun komandasının dövlət idarəçiliyində yol verdiyi ciddi səhvlərin nəticəsidir."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Dövlət başçısı olmaq o demək deyil ki, sən dünyaya meydan oxuya bilərsən. Xüsusilə də səndən qat-qat güclü bir dövlətlə açıq qarşıdurmaya getmək ağılsızlıqdır. Hər dövlətlə onun dili ilə danışmağı bacarmaq lazımdır və bu, siyasi təcrübə və strateji düşüncə tələb edir.

Təəssüf ki, Nikolas Maduro bu reallıqları vaxtında dərk edə bilmədi. O, emosional çıxışlar edir, sərt və aqressiv ritorikadan istifadə edir, təhdidlər səsləndirirdi. Amma bir məqamı unudurdu: onun yanı başında dünyanın ən güclü dövlətlərindən biri olan ABŞ dayanır. ABŞ elə bir dövlətdir ki, dünyanın harasında olmasından asılı olmayaraq, istənilən şəxsə - o cümlədən dövlət başçılarına belə - təsir imkanlarına malikdir. Maduro bu faktoru nəzərə almalı idi. Almadı və nəticədə də bu proseslər baş verdi.

Əlbəttə, baş verənlər müsbət hal deyil və istənilən suveren dövlət üçün, xüsusilə də söhbət Venesueladan gedirsə, bu, alçaldıcı və təhqiramiz bir vəziyyətdir. Lakin bir daha vurğulamaq lazımdır ki, dövlət başçısı bu cür nəticələri əvvəlcədən hesablamağı bacarmalı idi. Məhz buna görə də biz daim bildiririk ki, istənilən dövlətlə münasibətlərdə son dərəcə diqqətli olmaq lazımdır - siyasi, diplomatik və strateji baxımdan. Elə davranmalıyıq ki, heç kim bizə qarşı alçaldıcı addım atmağa cəsarət etməsin.

Maduro bu siyasi fəlsəfəni mənimsəyə bilmədiyi üçün bu vəziyyətlə üzləşdi.Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, müasir beynəlxalq münasibətlər sistemində güc artıq haqlılıq əlaməti kimi qəbul olunur: güclüsənsə haqlısan, zəifsənsə haqsız sayılırsan. Maduro məsələsi də müəyyən müddət müzakirə olunacaq və zamanla unudulacaq. Artıq göründüyü kimi, dünya ictimaiyyəti bu mövzuda ciddi fəallıq göstərmir.

Hətta Avropa Birliyi, ayrı-ayrı dövlətlər, eləcə də Maduronun arxasında durduğunu iddia edən İran, Rusiya və Çin kimi ölkələr belə yalnız formal, növbətçi bəyanatlarla kifayətlənərək prosesdən kənarda qaldılar. Heç kim bu məsələdə ABŞ-la açıq qarşıdurmaya getmək istəmir. Niyə? Çünki ABŞ güclüdür və güclü olduğu üçün də haqlı sayılır.

Deməli, bizim üçün də əsas nəticə aydındır: biz güclənməliyik. Gücləndikcə daha çox haqlı mövqedə dayanacağıq və milli maraqlarımızı daha etibarlı şəkildə qoruya biləcəyik."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31