Sülh şəraitinə keçid daxili və xarici siyasətdə mühüm nəticələr doğurub - ÖZƏL
8 Yanvar 15:38 Siyasət"Prezident İlham Əliyevin yerli mətbuata verdiyi müsahibəsində vurğulanan məqamlardan biri 2025-ci ilin çox uğurlu və tarixi il kimi dəyərləndirilməsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Uzun illər davam edən Ermənistan-Azərbaycan qarşıdurmasının siyasi müstəvidə başa çatması regionda tamamilə yeni reallıqlar yaradıb. Müharibənin fəal mərhələsi, atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi, antiterror tədbirləri və keçid mərhələsi ilə səciyyələnən uzun proses 2025-ci ilin avqustunda yekunlaşaraq sülh mərhələsinə daxil olub. Bu amillər təkcə hərbi Qələbəni deyil, eyni zamanda siyasi iradənin qlobal səviyyədə təsdiqlənməsini ifadə edir. Sülh şəraitinə keçid həm daxili, həm də xarici siyasətdə mühüm nəticələr doğurub. Cəmiyyətdə sabitliyə və təhlükəsizliyə inamın artması, sosial-psixoloji mühitin sağlamlaşması və iqtisadi fəallığın genişlənməsi bu mərhələnin ilk real nəticələri kimi önə çıxır. Uzun müddət müharibə şəraitində yaşamış cəmiyyət üçün sülhün verdiyi imkanlar artıq praktik müstəvidə özünü göstərməyə başlayıb".
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan istiqamətlərdən biri də nəqliyyat və logistika məsələləridir: "Müasir geosiyasi şəraitdə Mərkəzi Asiya ilə Qərb arasında etibarlı coğrafi xəttin formalaşmasında Azərbaycanın rolu artan dinamika ilə ön plana çıxır. Alternativ marşrutların mövcudluğuna baxmayaraq, hazırkı beynəlxalq vəziyyət fonunda bu xəttin etibarlılığı və təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Artıq ölkə ərazisindən keçən yüklərin həcminin sürətlə artması, 100 min konteyner göstəricisinin aşılması bu potensialın yalnız başlanğıc mərhələdə olduğunu göstərir".