Vaşinqtonda paraflanmış sülh sazişi xarici sərmayələr üçün yeni imkanlar açır- ÖZƏL

"Dövlətimizin başçısının müsahibəsində maliyyə dayanıqlığı məsələsinə də diqqət yetirilir. Ehtiyatların xarici borcu dəfələrlə üstələməsi iqtisadi sabitliyin əsas göstəricilərindən biri kimi təqdim olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Vaşinqtonda paraflanmış sülh sazişi xüsusilə xarici investisiyalar, o cümlədən ABŞ-dan gələn sərmayələr üçün yeni imkanlar yaradır. Eyni zamanda, qarşılıqlı investisiya siyasətində də yeni mərhələ başlayır. İndiyədək əsasən qiymətli kağızlara yönəlmiş sərmayələr bundan sonra real iqtisadiyyatın layihələrinə istiqamətləndirilə bilər. Elektrik enerjisi ehtiyatlarının mövcudluğu həmin layihələrin reallaşması üçün ciddi üstünlük təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir: "Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas tərəfdaşlarımız hesab edirik".

Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə ABŞ-la Strateji İşçi Qrupunun yaradılması beynəlxalq müstəvidə güclü siyasi siqnal kimi qəbul olunur: "Bu addımdan sonra bir sıra Avropa ölkələrinin də analoji əməkdaşlıq təşəbbüsləri ilə çıxış etməsi həmin yanaşmanın təsir dairəsini göstərir. Artıq onlarla ölkə ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin nəticəsidir. Vaşinqtondan gələn mesaj isə bu siyasətin beynəlxalq güclər tərəfindən müsbət qarşılandığını təsdiqləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31