Yeni tərəfdaşlıqlar, yeni uğurlar: Azərbaycanın yüksəlişi - ÖZƏL
8 Yanvar 14:53 SiyasətPrezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixli müsahibəsində 2025-ci ilin Azərbaycanın xarici siyasəti üçün uğurlu il olduğu vurğulanıb. Çinlə hərtərəfli strateji tərəfdaşlıq rəsmiləşdirilib, Azərbaycan D-8 təşkilatına yeganə yeni üzv kimi qəbul olunub və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilib. Eyni zamanda ölkənin regionlararası tranzit və tərəfdaşlıq rolu güclənib, yeni enerji və rəqəmsal layihələrə start verilib. Xankəndi, Şuşa və Qəbələdə keçirilən beynəlxalq tədbirlər isə Azərbaycanın artan siyasi nüfuzunu nümayiş etdirib.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi böyük rezonans doğurub və geniş şəkildə müzakirə edilir, şərh olunur. Cənab Prezidentin fikirlərində yola saldığımız il ərzində Azərbaycanın regional və qlobal miqyasda əldə etdiyi uğurlara toxunulub. Xüsusilə vurğulamaq lazımdır ki, iki tərəfli münasibətlərlə yanaşı, çoxtərəfli əməkdaşlıq sistemində də Azərbaycanın bir sıra uğurları vardır. Azərbaycan D-8 təşkilatına yeganə yeni üzv kimi qəbul olunub. Digər tərəfdən, Mərkəzi Asiyada gedən proseslərdə Azərbaycan artıq ardıcıl şəkildə iştirak edir. Mərkəzi Asiya Məşvərət Şurasının tam hüquqlu üzvü seçilib. Xüsusilə vurğulamaq istəyirəm ki, Mərkəzi Asiya dövlət başçıları Azərbaycanın Məşvərət Şurasının üzvlüyünə yekdilliklə səs veriblər.
Digər tərəfdən, Azərbaycan tədbirlər diplomatiyasını da uğurla davam etdirir. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Sammiti, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində olan toplantısı və bununla yanaşı, mədəniyyət mərkəzimiz Şuşada çoxsaylı tədbirlərin keçirilməsi həm Qarabağ, həm də Şərqi Zənqəzurda gedən ictimai-siyasi proseslərin təzahürü kimi qiymətləndirilir. Artıq diplomatiya, diskussiya, müzakirə mərkəzi kimi Xankəndi və Şuşa çıxış edir.
Digər tərəfdən müasir dünya siyasətində parlaq rol oynaya bilən Çin Xalq Respublikası ilə də Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Cənab Prezidentin Çinə uğurlu səfərini də yada salmalıyıq və səfər çərçivəsində mühüm dövlətlərarası sənədlər imzalanıb. Bu, Azərbaycanın qlobal gücünü daha da artıran məqamdır və regional, qlobal siyasətdə mövqelərimizin daha da möhkəmlənməsinə xidmət edir. Ticari və iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan verir və Azərbaycan üçün uzunmüddətli sabit gəlir təmin etməklə yanaşı, dayanıqlı inkişafımızı da simvollaşdırır".
Zeynəb Mustafazadə