Pezeşkian xalqa müraciət edəcək, İran küçələrində isə üsyan sürətlə böyüyür

"Pezeşkianla ali dini liderlərə bağlı mühafizəkar qüvvələr arasında ciddi qarşıdurma yarana bilər"

İran Prezidenti Məsud Pezeşkianın yaxın günlərdə xalqa müraciət edəcəyi açıqlanıb. Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında Hökumət İnformasiya Şurasının rəhbəri Elias Hazreti məlumat verib. Onun sözlərinə görə, Prezident Pezeşkian ölkədə yaranmış mövcud ictimai-siyasi vəziyyətlə bağlı cəmiyyətə birbaşa müraciət etməyi planlaşdırır.

"Prezident Pezeşkian tezliklə xalqa müraciət edəcək", - deyə Elias Hazreti bildirib. Rəsmi açıqlamada müraciətin dəqiq vaxtı və məzmunu açıqlanmasa da, bunun ölkədə davam edən kütləvi etiraz aksiyaları fonunda baş tutacağı istisna edilmir.

Xatırladaq ki, İranda etiraz aksiyaları artıq 12 gündür fasiləsiz davam edir. Etirazlar təkcə paytaxtla məhdudlaşmır, ölkənin bir sıra iri və strateji əhəmiyyətə malik şəhərlərinə yayılıb. Məlumatlara görə, Nişabur, Məşhəd, Qəzvin, Torbət-e Cam, Kermanşah və Kərəc şəhərlərində vəziyyət xüsusilə gərgindir. Bildirilir ki, bəzi ərazilərdə etirazçılar küçələrə nəzarəti ələ alaraq təhlükəsizlik qüvvələrini geri çəkilməyə məcbur ediblər.

Mövcud vəziyyətdə Prezident Məsud Pezeşkianın xalqa müraciəti həm İran cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Analitiklər hesab edirlər ki, bu müraciət ya hakimiyyətin dialoqa açıq olduğunu nümayiş etdirə, ya da əksinə, gərginliyi azaltmaq üçün atılan simvolik addım kimi qiymətləndirilə bilər. Xüsusilə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi fonunda veriləcək mesajların tonu və məzmunu həlledici rol oynaya bilər.

Sual doğuran məqamlar ondan ibarətdir ki, Prezident Pezeşkianın xalqa müraciəti etirazların qarşısını ala biləcəkmi? Bu müraciət İranda etirazların taleyini dəyişəcək dönüş nöqtəsinə çevrilə bilərmi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, İranda baş verən proseslər göstərir ki, qarşıdakı günlər ölkə üçün həlledici ola bilər:

"İranda hadisələr tədricən nəzarətdən çıxmağa başlayıb. Heykəllər yıxılır, İranın bayrağı yandırılır, dağıdılır. Bunlar adi və sıradan hadisələr deyil, əksinə, çox ciddi və dərin məna daşıyan proseslərdir. Əlbəttə ki, uzun illərdir müxtəlif ölkələrdə bu cür iğtişaşların şahidi olmuşuq, heykəllərin yıxıldığını da görmüşük. Lakin bir dövlətin öz bayrağının cırılması və yandırılması kimi mənzərələrlə demək olar ki, ilk dəfədir qarşılaşırıq. Bu isə onu göstərir ki, etirazçılar indiki dini-molla rejimindən o qədər narazıdırlar ki, artıq öz dövlət bayrağının belə təhqir olunmasını qəbul edilən bir addım kimi görürlər".

Politoloqun fikrincə, İranda gələcəkdə mərkəzdənqaçma meylləri daha da güclənə bilər:

"Yəni, İranda yaşayan müxtəlif xalqlar getdikcə bu dövləti öz vətənləri, öz dövlətləri kimi qəbul etmədiklərini açıq şəkildə nümayiş etdirirlər. Bunun isə real və obyektiv səbəbləri var. Çünki İranda yaşayan müxtəlif millətlər illər boyu zorakılığa məruz qalıb. Xüsusilə azərbaycanlılar həm şah rejimi dövründə, həm də molla rejimi zamanında davamlı təzyiqlərlə üzləşiblər. İşgəncələr, həbslər, edamlar və digər repressiv tədbirlər azərbaycanlıları və başqa millətləri rejimə qarşı mübarizəyə daha da həvəsləndirib.

Məhz buna görə də bu gün İran hakimiyyətinin daxilində də ciddi fikir ayrılıqları müşahidə olunur. Prezident Məsud Pezeşkian etirazçılara dialoq təklif edir, onları dinləməyə hazır olduğunu bildirir. Lakin eyni zamanda təhlükəsizlik qüvvələri və mühafizəkar qanad etirazçılara qarşı silah işlətməyə, atəş açmağa üstünlük verir. Nəticədə artıq 50-60 nəfərin həyatını itirdiyi bildirilir və etirazlar davam edərsə, təəssüf ki, ölənlərin sayının daha da artacağı istisna edilmir.

Bütün bunlar onu göstərir ki, Pezeşkianla ali dini liderlərə bağlı mühafizəkar qüvvələr arasında ciddi qarşıdurma yarana bilər. Hakimiyyət daxilində fikir ixtilafının dərinləşməsi isə iğtişaşların daha geniş vüsət alması və proseslərin nəzarətdən tam çıxması üçün əlverişli zəmin yarada bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31