Trampın Venesuela planı: Əsas hədəf neft üzərində nəzarəti bərpa etməkdir – ÖZƏL
8 Yanvar 14:24 SiyasətVenesuelanın müvəqqəti prezidenti Delsi Rodriges bildirib ki, Venesuela ABŞ-nin təzyiqlərinə boyun əymədiyi üçün ölkənin qanuni prezidenti Nikolas Maduronun qaçırılması ilə üzləşib. O vurğulayıb ki, Karakas iqtisadi, ticarət və enerji sahələrində bütün ölkələrlə əməkdaşlığa açıqdır, lakin heç bir təcavüzü qəbul etməyəcək və Vaşinqtonun əvvəlcə ticarətdən imtina edib, sonra aqressiv mövqe tutduğunu qeyd edib.
"Ehtimal etmək olar ki, iki dövlət arasında ciddi və uzunmüddətli gərginlik yaranmayacaq. Çünki Venesueladan ABŞ-yə artıq yeni neft tankerlərinin daxil olması barədə məlumatlar mövcuddur. Əslində, Trampın bu məsələdə əsas niyyəti Venesuela neftinə nəzarəti bərpa etməkdir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, 1999-cu ildə sosialist lider Uqo Çaves Venesuela prezidenti seçildikdən sonra ABŞ şirkətlərinin ölkənin enerji sektorunda fəaliyyəti kəskin şəkildə məhdudlaşdırıldı. Başqa sözlə, Amerika şirkətlərinin Venesuelanın neft mənbələrində iştirakına icazə verilmədi. Bu da ABŞ-Venesuela münasibətlərində ciddi gərginliyə səbəb oldu. Xüsusilə oğul Corc Buşun prezidentliyi dövründə - 2002-2008-ci illərdə - Çaveslə Buş arasında münasibətlər son dərəcə gərgin idi və bu, tez-tez açıq siyasi qarşıdurmalarla müşayiət olunurdu. 2013-cü ildə Uqo Çaves xərçəng xəstəliyindən vəfat etdikdən sonra onun yerinə Nikolas Maduro prezident seçildi və sələfinin siyasi xəttini davam etdirdi. Bu dövrdə də ABŞ şirkətlərinin Venesuelanın neft sektoruna daxil olmasına ciddi qadağalar qüvvədə qaldı.
"Hazırda baş verən proseslərə gəldikdə isə, Nikolas Maduronun ABŞ hərbçiləri və xüsusi təyinatlıları tərəfindən aradan götürülməsi ilə bağlı ehtimallar səsləndirilir. Venesuela hakimiyyəti bu məsələyə dair kəskin açıqlamalar verə və ABŞ-ni tənqid edə bilər. Lakin mən bu vəziyyətin uzunmüddətli olacağını düşünmürəm. Venesuelada da yaxşı anlayırlar ki, artıq Maduronu ABŞ-nin təsirindən xilas etmək mümkün deyil və açıq desək, bu, onların öz maraqlarına da cavab vermir. Ehtimal ki, Venesuela hakimiyyəti ABŞ ilə razılaşmaya gedəcək və ya ABŞ Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaları mərhələli şəkildə aradan qaldıraraq mövcud hakimiyyəti tanıyacaq", - deyə ekspert əlavə edib
Siyasi şərhçi qeyd edib ki, bu ssenari çərçivəsində hazırkı vitse-prezident Delsi Rodrigesin Venesuelanın yeni prezidenti kimi fəaliyyətə başlaması ehtimalı yüksəkdir və ABŞ-nin də bu variantla razılaşacağı düşünülür. Təbii ki, bu, mənim şəxsi təxminimdir. Venesuela hakimiyyəti həm beynəlxalq, həm də daxili nüfuzunu ciddi şəkildə itirmiş Nikolas Maduronu "qurban verərək" öz hakimiyyətini qorumağa çalışır. Bu baxımdan, Rodrigesin başçılıq etdiyi mövcud siyasi elitanın ABŞ tərəfindən həyata keçirildiyi ehtimal olunan əməliyyatda dolayı və ya birbaşa rolunun olması da istisna edilmir.
Lamiyə Cəbrayılova