Azərbaycanın Mərkəzi Asiya ölkələrinə inteqrasiyası regionda yeni geosiyasi balans yaradır- ÖZƏL

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr illərdir ki, ölkənin ictimai-siyasi gündəminin formalaşmasında mühüm rol oynayır. Yanvarın 5-də baş tutan növbəti müsahibə də bu baxımdan xüsusi əhəmiyyət daşıyaraq ötən ilin nəticələrinə və qarşıdakı mərhələnin əsas istiqamətlərinə aydınlıq gətirdi. Dövlət başçısı çıxışında 2025-ci ilin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, məhz bu il Ermənistan-Azərbaycan qarşıdurmasının siyasi baxımdan yekunlaşdığını və ölkənin artıq sülh mərhələsinə daxil olduğunu bildirdi. Bu reallıq uzun illər müharibə şəraitində yaşamış Azərbaycan üçün yeni inkişaf imkanları yaradan mühüm mərhələ kimi dəyərləndirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "Prezident İlham Əliyev müsahibəsində sülh anlayışının mahiyyətinə də toxundu. Bildirdi ki, sülh sadəcə silahlı toqquşmaların bitməsi deyil, təhlükəsizlik, sabitlik və gələcəyə inam deməkdir. Azərbaycan cəmiyyəti artıq bu yeni şəraitin müsbət nəticələrini hiss edir. Cəmiyyətdə xoş əhvali-ruhiyyə, sabitliyə inamın artması və inkişaf perspektivləri ölkənin qarşısında duran vəzifələrin daha inamla həyata keçirilməsinə imkan yaradır. Döyüş meydanında qazanılmış Qələbənin beynəlxalq siyasi müstəvidə təsdiqlənməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri kimi dəyərləndirilir.
Müsahibədə Azərbaycanın diplomatik uğurları da xüsusi vurğulandı. Xüsusilə ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılması mühüm tarixi nailiyyət kimi qeyd olundu. Prezident İlham Əliyev bu düzəlişin mahiyyət etibarilə Azərbaycana qarşı ədalətsiz qərar olduğunu diqqətə çatdırdı. Həmin dövrdə torpaqlarımız işğal altında olduğu halda, ölkəmizə qarşı "blokada" iddiası ilə sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa zidd idi. Müsahibədə açıq şəkildə bildirildi ki, bu qərarın qəbulunda erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin təsiri həlledici rol oynamışdı.
Dövlət başçısı Azərbaycanın müstəqil və prinsipial xarici siyasət kursunun nəticəsi olaraq beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini də qeyd etdi. Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisi kimi dəyərləndirildi. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə bu səviyyədə inteqrasiyası aparılan siyasətin uğurunu nümayiş etdirir və regionda yeni geosiyasi balans yaradır.
Prezident İlham Əliyev müsahibəsində iqtisadi məsələlərə də geniş yer ayırdı. Ölkənin iqtisadi müstəqilliyi, xarici borcun azaldılması və dayanıqlı inkişaf modelinin qurulması əsas prioritetlər kimi göstərildi. Qaz ixracı sahəsində əldə edilən nəticələr Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynadığını sübut edir. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə dünyanın ən çox ölkəsini qazla təmin edən dövlətlərdən biridir və bu göstəricilər hər il artmaqdadır.
Müsahibənin əsas mesajlarından biri də Böyük Qayıdış Proqramının uğurla icra olunması idi. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin mərhələli şəkildə həyata keçirildiyini vurğuladı. Artıq on minlərlə insan azad edilmiş ərazilərdə yaşayır və işləyir. İnfrastruktur layihələrinin genişlənməsi ilə bu sayın daha da artacağı gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31