İşğaldan azad edilmiş şəhərlərimiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib - ÖZƏL

"Dövlətimizin başçısının yerli mətbuata verdiyi müsahibəsində nəqliyyat və logistika məsələlərinə toxunulması regionun artan tranzit imkanlarının və strateji mövqeyinin xüsusi önəm kəsb etdiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Mövcud geosiyasi şəraitdə Mərkəzi Asiya ilə Qərb arasında etibarlı və dayanıqlı marşrutların əhəmiyyəti artmaqdadır. Bu kontekstdə ölkənin etibarlı tərəfdaş kimi rolu daha da ön plana çıxır. Ərazidən keçən yüklərin həcminin sürətlə artması, ilk dəfə olaraq 100 min konteynerin daşınması sözügedən prosesin yalnız başlanğıc mərhələdə olduğunu göstərir. İnfrastrukturun genişləndirilməsi üçün əlavə vəsaitlərin ayrılması, Xəzərin dibi ilə enerji və fiber-optik xətlərin çəkilməsi kimi layihələr regionun geosiyasi mənzərəsini dəyişən amillər sırasındadır. Bu layihələr həm iqtisadi, həm də strateji baxımdan uzunmüddətli təsir gücünə malikdir".

Millət vəkili bildirib ki, işğaldan azad edilmiş şəhərlərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi 2025-ci ilin simvolik və siyasi baxımdan mühüm hadisələrindəndir. Xankəndidə təşkil olunan ECO Zirvə Görüşü, Şuşa, Laçın və Ağdamda keçirilən Biznes, gənclər və qadınlar forumları bu ərazilərin artıq yalnız bərpa zonası deyil, eyni zamanda beynəlxalq dialoq platforması olduğunu nümayiş etdirir: "Mövcud infrastrukturun, müasir konfrans zallarının, hotellərin və təşkilati imkanların yüksək səviyyəli tədbirlərə hazır olması göstərir ki, azad edilmiş torpaqlar yeni funksional mərhələyə qədəm qoyub. Bu tədbirlər həm siyasi mesaj, həm də beynəlxalq ictimaiyyət üçün açıq çağırış xarakteri daşıyır, bölgə sabitlik, əməkdaşlıq və inkişaf məkanına çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31