Xəzərdə qanlı iz: Krasnovodsk–Bakı bərəsində törədilən erməni terrorundan 34 il ötür

Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən dəhşətli və az xatırlanan terror aktlarından biri - Krasnovodsk-Bakı marşrutu üzrə hərəkət edən dəniz bərəsində törədilmiş terror hadisəsindən 34 il ötür.

Musavat.com xatırladır ki, 1992-ci il yanvarın 8-də Türkmənistanın Krasnovodsk (indiki Türkmənbaşı) limanından Bakıya doğru hərəkət edən mülki sərnişin bərəsinə erməni terrorçularının planlı şəkildə həyata keçirdiyi hücum nəticəsində 25 nəfər azərbaycanlı sərnişin qətlə yetirilmiş, 88 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Həmin dövrdə Qarabağda gedən müharibə fonunda erməni terror şəbəkələri yalnız cəbhə xəttində deyil, mülki əhali və dinc vətəndaşlara qarşı da məqsədli hücumlar həyata keçirirdi. Dəniz bərəsində törədilən bu terror aktı da məhz etnik mənsubiyyətə görə azərbaycanlıların hədəf alındığını açıq şəkildə göstərən faktlardan biridir.

Bərədə olan sərnişinlərin əksəriyyəti qadınlar, uşaqlar, yaşlılar və müxtəlif səbəblərlə Azərbaycana qayıdan mülki şəxslər idi. Onların hər hansı hərbi fəaliyyətlə əlaqəsi olmayıb. Bu fakt hadisənin klassik terror aktı olduğunu bir daha sübut edir.
Faciəli məqamlardan biri də ondan ibarətdir ki, bu terror aktı indiyədək beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini almayıb. Hadisəni törədənlər cəzalandırılmayıb, erməni terror təşkilatları isə uzun illər beynəlxalq ictimaiyyət tərəfindən ya görməzdən gəlinib, ya da siyasi maraqlar naminə susqunluqla qarşılanıb.

Bu gün - 34 il sonra belə, həmin gün həyatını itirən 25 günahsız insanın xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır, yaralananların ağrısı isə hələ də unudulmayıb. Azərbaycan bu kimi terror aktlarının dünya ictimaiyyəti tərəfindən tanınması və erməni terrorunun ifşa olunması istiqamətində mübarizəsini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31