"İşğalçıya deyil, məruz qalana sanksiya": 907-ci düzəlişin paradoksal tarixi – ÖZƏL

Prezident İlham Əliyev yerli  telekanallara   müsahibəsində bildirib ki, 907-ci düzəliş tarixi ədalətsizlikdir və hazırkı  ABŞ-Azərbaycan reallıqları fonunda tamamilə mənasızdır. Onun sözlərinə görə, sənəd erməni lobbisinin təsiri və həmin dövrdə Azərbaycanın zəif, qeyri-peşəkar hakimiyyətinin fəaliyyətsizliyi nəticəsində qəbul olunub.
Dövlət başçısı vurğulayıb ki, 907-ci düzəliş uzun illər ABŞ-Azərbaycan münasibətlərində siyasi təzyiq aləti kimi istifadə edilib və Bayden-Blinken administrasiyası dövründə bu xətt xüsusilə fəallaşıb. Prezident qeyd edib ki, Tramp administrasiyası ilə münasibətlər yeni mərhələyə keçib və Konqres 907-ci düzəlişi birdəfəlik ləğv etməlidir.

"Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, 907-ci düzəliş tarixi ədalətsizlik idi və eyni zamanda Azərbaycana qarşı açıq qərəzli mövqenin ifadəsi sayılırdı. Məsələ ondadır ki, bu düzəlişin qəbul olunduğu dövrdə Ermənistan  Azərbaycan ərazilərini işğal etməkdə idi. Yəni Ermənistan  Azərbaycana qarşı müharibə başlatmış, ölkəmizin ərazilərini işğala məruz qoymuşdu".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Ermənistanın açıq hərbi təcavüzü ilə üzləşən bir Azərbaycan dövləti mövcud idi. Lakin nə qədər paradoksal görünsə də, ABŞ  özünü dünyada ədalətin və beynəlxalq hüququn qoruyucusu kimi təqdim etdiyi halda, işğalçı Ermənistana qarşı deyil, işğala məruz qalan Azərbaycana qarşı sanksiya tətbiq etmək qərarı verdi və nəticədə 907-ci düzəliş ortaya çıxdı. Beləliklə, ABŞ açıq-aşkar işğala məruz qalan dövləti hədəf alaraq işğalçı Ermənistanı faktiki olaraq dəstəkləmiş oldu. Bu isə ABŞ-dəki erməni lobbisinin və ermənipərəst siyasi dairələrin fəaliyyətinin real nəticəsi idi. Sonrakı illərdə də bu siyasətin təsiri açıq şəkildə özünü göstərdi.

Ekspert qeyd edib ki, ABŞ uzun illər ATƏT-in Minsk qrupunun həmsədri oldu və işğalçı Ermənistanı dəstəkləyən bir dövlət kimi Qarabağ probleminin həllində vasitəçi rolunu öz üzərinə götürdü. Guya beynəlxalq hüquq normalarını və ədaləti təmsil edən bu mexanizmin nə dərəcədə ədalətli olduğu Minsk qrupunun 30 illik fəaliyyəti ilə üzə çıxdı. Bu müddət ərzində yürüdülən ermənipərəst siyasət və danışıqlar prosesi faktiki olaraq sıfır nəticə ilə yadda qaldı.
Təbii ki, Bayden administrasiyası dövründə bu siyasət davam etsə də, sonradan ABŞ-də baş verən siyasi dəyişikliklər fonunda situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Tramp administrasiyası mövcud regional və geosiyasi reallıqları nəzərə almaq niyyətini ortaya qoyub və Azərbaycan-ABŞ münasibətləri müsbət istiqamətdə inkişaf etməyə başlayıb. Burada əsas diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması ilə bağlı sənəd imzalanıb və hazırda hər iki ölkənin nümayəndələrinin təmsil olunduğu iki işçi qrup bu sazişin mətninin hazırlanması üzərində çalışır. Yaxın vaxtlarda bu sənədin mətni tamamlanacaq və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında rəsmi saziş imzalanacaq. Bu isə o deməkdir ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək. Belə bir şəraitdə 907-ci düzəlişin hələ də qüvvədə qalması tamamilə absurd və məntiqsiz görünür. Çünki strateji tərəfdaş olan iki dövlət arasında bu cür açıq qərəzli sənədin mövcudluğu qəbuledilməzdir.

"Bəzi məlumatlara görə, artıq ABŞ Konqresinə 907-ci düzəlişin ləğvi ilə bağlı sənəd layihəsi təqdim olunub. Həmin layihənin nə vaxt müzakirəyə çıxarılacağı və qəbul ediləcəyi hələlik məlum deyil. Lakin bütün hallarda bu istiqamətdə müəyyən addımların atılmasına başlanması mühüm siyasi siqnaldır. Ümid etmək olar ki, yaxın zamanda 907-ci düzəliş ləğv edilərək tarixə qovuşacaq və iki ölkə arasındakı münasibətlərdə əngəlləyici faktor olmaqdan çıxacaq. Bundan sonra Azərbaycan və ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməyə davam edəcək", - deyə siyasi şərhçi vurğulayıb.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edilərək Azərbaycana birbaşa ABŞ dövlət yardımını qadağan edib. 2002-ci ildən müvəqqəti dondurulan sənəd Bayden administrasiyası dövründə yenidən tətbiq olunub.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31