Çinlə münasibətlərdə mühüm irəliləyişlər müşahidə olunur- ÖZƏL
8 Yanvar 11:43 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə 2025-ci ilin ölkəmiz üçün tarixi və dönüş nöqtəsi olduğunu vurğulayıb. Dövlət başçısı ötən ilin mühüm hadisələrini, strateji nailiyyətləri və gələcəyə dair planları ictimaiyyətlə bölüşüb. 2025-ci il Qarabağ probleminin siyasi baxımdan yekunlaşdırılması və ölkəmizdə mövcud olan sabitliyin daha da gücləndirilməsi ilə yadda qaldı. Bu sülh dövrü qısa müddətdə təhlükəsizlik, rifah və inkişaf baxımından öz müsbət nəticələrini verməyə başlayıb"."Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Müsahibədə Azərbaycan-Amerika münasibətlərindəki irəliləyişlərə də geniş yer ayrılıb. Xüsusilə 907-ci düzəlişin Prezident Tramp tərəfindən rəsmən aradan qaldırılması qeyd olunub. Bu addım iki ölkə arasında uzun illərdir mövcud olan bir maneəni aradan qaldıraraq, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına zəmin yaradıb. Strateji İşçi Qrupunun yaradılması və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə intensiv işlər aparılır. Eyni zamanda, ABŞ və Azərbaycan arasında investisiya, nəqliyyat, hərbi-sənaye və süni intellekt sahələrində əməkdaşlıq genişlənməkdədir.
Çinlə münasibətlərdə də mühüm irəliləyişlər müşahidə olunub. İmzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədləri nəticəsində ticarət dövriyyəsi rekord həddə çatıb. Çin şirkətləri yaşıl enerji, nəqliyyat və hərbi-texniki sahələrə sərmayələr qoyur. Elektrik avtobuslarının yığılması, günəş panelləri zavodlarının tikintisi və yeni nəqliyyat marşrutlarının maliyyələşdirilməsi bu əməkdaşlığın əyani göstəricisidir.
Azərbaycanın Mərkəzi Asiya ilə sıxlaşan əlaqələri ölkənin regiondakı nüfuzunu daha da artırıb. Ölkəmiz Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmiş, Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevrilmişdir. Azərbaycandan keçən yüklərin həcmi kəskin artıb, yeni dəhlizlər və infrastruktur layihələri bu artıma uyğun şəkildə genişləndirilir".