Kadr seçimində peşəkarlıq və dövlətə sədaqət prinsipi alternativsizdir- ÖZƏL
8 Yanvar 11:10 Siyasət"Prezident İlham Əliyevin yerli mətbuata müsahibəsində daxili siyasət məsələlərinə xüsusi yer ayrılması dövlət idarəçiliyində sosial rifah amilinin prioritetliyini bir daha ön plana çıxarmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların balanslı tərəqqisi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas sütunları kimi təqdim olunmuşdur. Bu yanaşma Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinə sadiqliyini ifadə edir.
Müsahibə zamanı dövlət başçısı regionların idarə edilməsində tətbiq olunan yeni idarəetmə modeli -Xüsusi Nümayəndəlik İnstitutu barədə danışarkən, kadr seçimində peşəkarlıq və dövlətə sədaqət prinsiplərinin alternativsiz olduğunu xüsusi vurğulamışdır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yaradılmış xüsusi nümayəndəlik institutu ilə bağlı səmimi və qətiyyətli mövqeyini ifadə edərək bildirmişdir ki, dövlətin etimadını doğrultmayan heç bir vəzifəli şəxs cəzasız qalmır. Eyni zamanda, dövlət başçısının institusional islahatlara verdiyi əhəmiyyət hüquqi dövlət quruculuğunun və idarəetmədə şəffaflığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətin davamı kimi qiymətləndirilə bilər. Bu kontekstdə insan kapitalının inkişafı, təhsil və hərb sahələrində aparılan tədbirlər strateji investisiya kimi təqdim olunur".