“İran rejiminin tək ümidi bu şəxsdir”-Ekspertdən ilginc açıqlama- ÖZƏL

"İranda baş verən hadisələr sıradan ixtişaşlar deyil. Bu dəfə rejim ciddi sınaq qarşısındadır". Bu sözləri Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, aksiyalarda azərbaycanlıların aktiv olmaması vilayəti-fəqih rejiminə, İran rəhbəri Əli Xamneyiyə olan sədaqətdən irəli gələn məsələ deyil: "1979-cu ildə qurulmuş şiə rejimi, vilayəti fəqih sistemi artıq xalqın gözündən düşüb. İran xalqı azadlıq düşməni olan bu rejimə nifrət edir. Xüsusən gənclər, qadınlar bu rejimin rədd olmasından yanadır. Təbii ki, Xamneyi təbrizlidir, Güney Azərbaycanda onun tərəfdarları var. Bu gün İranın dini, mülki və hərbi rəhbərliyində kifayət qədər nüfuzlu türk xadimlər təmsil olunur. Amma onlar xalq demək deyil. Xalq, xüsusən gənclik yenilik istəyir. Yenilik isə bu rejimlə mümkün deyil. Diqqət edirsinizsə, narazıların əsas hədəfi Xamneyi rejimidir. Bu, səslənən şüarlarda da özünü göstərir. Qeyd edək ki, narazılar "diktatora ölüm", "Xamneyiyə ölüm" şüarlarını səsləndirir, vilayət fəqih sisteminə nifrətlərini izhar edirlər. Güney Azərbaycan əhalisi daha çox hazırkı prezident Məsud Pezeşkiana görə aksiyalara könülsüz qatılır". Elman Cəfərli deyib ki, Məsud Pezeşkian narazı insanların, eləcə də batan gəmidən xilas olmaq istəyən orta eşalon məmurların ümid yeridir.
"Məsud Pezeşkianı demokratik azadlıqlar istəyən gənclik seçib. Vilayəti fəqih sistemindən yaxa qurtarmaq istəyən, keçmiş günlərin nostaljisi ilə yaşayan insanlar seçib. Məsud Pezeşkianın təkcə Güney Azərbaycanda deyil, İranın digər bölgələrində də nüfuzu var. Yeri gəlmişkən, aksiyalarda prezident əleyhinə bir şüar belə səslənməyib. Çünki Məsud Pezeşkian digər rejim mənsubları kimi baş verən hadisələri Qərbə,  İsrailə, ABŞ-a bağlamadı. Əksinə bildirdi ki, narazı xalq haqlıdır, günah hazırkı idarəetmədədir. Maraqlıdır ki, Məsud Pezeşkian hazırda həm də rejim mənsublarının tək nicat yolu kimi görünür. Məsud Pezeşkian qonşu dövlətlərlə- Azərbaycan və Türkiyə ilə rejim qırğılarının korladığı münasibətləri qaydasına qoymağı bacardı. Qərblə münasibətlərdə müəyyən irəliləyişlərə nail olub. Məsud Pezeşkianı Qərbdə konstruktiv danışıqlara hazır, modern düşüncəli bir siyasətçi kimi qəbul edirlər. Baş verən ixtişaşlarda xalqın ona münasibəti də göstərir ki, Məsud Pezeşkian fors-major situasiyada İran cəmiyyətində bütün tərəflərin qəbul etdiyi fiqura çevrilə bilər"-deyə, E.Cəfərli qeyd edib.
Onun sözlərinə görə, İran rejim dəyişikliyinə qanlı inqilabla yox, məxməri çevrilişlə keçid edə bilər. Bu situasiyanın qəhrəmanı isə Məsud Pezeşkian ola bilər: "Proses Gürcüstan senarisi üzrə gedə bilər. Xatırlayırsınızsa, Gürcüstanın qoca, təcrübəli prezidenti Eduard Şevardnadze gənc Mixail Saakaşvilini ədliyyə naziri təyin etmişdi. O da ona verilən "kart-blanş"dan maksimum yararlanaraq korrupsioner məmurlara savaş açmış, xalqın rəğbətini qazanmışdı. 2004-cü ilin payızında baş verən "qızılgül inqilabı"nda Saakaşvili önə çıxdı, korrupsioner rejimi devirdi. Beləcə məxməri çevriliş baş tutdu. Devrilmiş prezident Eduard Şevardnadze Tiflisi tərk etmədi, ölənə qədər Gürcüstanda yaşadı. Oxşar senari İranda reallaşa bilər. Məsud Pezeşkianla məxməri, qansız keçid baş tutsa, Xamneyi və rejim qırğıları da bu prosesdən salamat çıxa bilər".

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31