Ölkəmiz qlobal çağırışlara hazır olmalıdır

2026-cı il yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalar və media nümayəndələri ilə geniş müsahibə verdi. Bu müsahibə ötən ilin nəticələrinin qiymətləndirilməsi, qarşıda duran məqsəd və vəzifələrin dəqiq şəkildə müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Müsahibə əhatəli mahiyyəti ilə yalnız siyasi gündəmi deyil, həm də ölkənin sosial-iqtisadi inkişaf strategiyasını müəyyən edən əsas prioritetləri özündə birləşdirir. 

Prezident İlham Əliyev çıxışında 2025-ci ili Azərbaycan üçün tarixi bir mərhələ kimi xarakterizə etdi. O qeyd etdi ki, Azərbaycan-Ermənistan konfliktinin siyasi nəticəsi olaraq müharibənin siyasi səviyyədə bitməsi ölkədə uzunmüddətli sülh və sabitliyin bünövrəsini yaratdı. Bu, yalnız hərbi qələbə deyil, həm də beynəlxalq səviyyədə tanınan siyasi reallıqdır ki, Azərbaycanın gələcək iqtisadi inkişafı üçün geniş imkanlar açır. 

Azərbaycanın uzun müddət əhatə edən hərbi xərclərdən sosial və iqtisadi hədəflərə keçidi davam edir. 2025-ci ilin yekunları göstərir ki, artıq ölkə daxili sabitlik, iqtisadi dinamizm və regional əməkdaşlıq istiqamətlərində yeni mərhələyə qədəm qoyub. 

Müsahibədə diqqət çəkən məqamlardan biri Azərbaycanın dünya gücləri və region dövlətləri ilə qarşılıqlı münasibətlərin inkişafı barədə rezonanslı fikirlərdir. Prezident çıxışında qeyd etdi ki, 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində yeni bir dönəm kimi yadda qaldı və qarşılıqlı anlaşma səviyyəsində irəliləyişlər oldu. Strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq sahəsində Çin kimi nüfuzlu dövlətlərlə əlaqələr daha da dərinləşdi, sənaye, investisiya və texnologiya sahələrində əməkdaşlıq genişləndi. 

Regionun iqtisadi inteqrasiyası və tranzit imkanlarının artırılması Azərbaycanın mərkəzi logistika körpüsü kimi rolunu qüvvətləndirir. Bu kontekst Azərbaycana yalnız siyasi nüfuz qazandırmır, həm də xarici investisiyaların cəlb olunmasına, ixracın artırılmasına və regional iqtisadi layihələrdə aktiv iştirak etməyə şərait yaradır.

Prezident müsahibəsində vurğuladı ki, Azərbaycanın iqtisadi strategiyası sosial məsuliyyətlə investisiya yönümlü siyasətin təşviqi ilə müəyyən olunur. Dövlət başçısı bildirdi ki, ölkə əldə olunan neft və qaz gəlirlərini sosial sahələrə effektiv yönəldir, əhalinin rifah səviyyəsini yüksəltmək üçün yatırımların balansını qoruyur, əhalinin xidmət səviyyəsini artıran proqramları davam etdirir. 

Prezidentin sözlərinə görə, sosial məsuliyyət və investisiya yönümlülük strategiyası Azərbaycanın davamlı iqtisadi artımını təmin edir və bu, sosial ədalət və rifahın qorunmasına istiqamətlənmiş çoxsahəli proqramlara zəmin yaradır.

Müsahibə zamanı Prezident çıxışında ölkənin liberasiya olunmuş ərazilərinin birləşdirilməsi və kommunikasiya infrastrukturlarının genişləndirilməsi məsələsini xüsusi vurğuladı. O bildirdi ki, bölgələrarasında effektiv nəqliyyat əlaqələri ölkə iqtisadiyyatını daha da canlandıracaq və daxili bazarda yeni imkanlar yaradacaq. 

Bu istiqamətdə həyata keçirilən layihələr həm yerli investisiyaları cəlb edir, həm də regionların sosial-iqtisadi inkişafını sürətləndirir.

Prezident həmçinin qeyd etdi ki, müasir dünyada hər bir dövlətin güclü müdafiə potensialı olmalıdır və Azərbaycan ordu quruculuğu və təhlükəsizlik məsələlərində davamlı islahatlar aparır. Bu, yalnız hərbi gücün artması deyil, həm də dövlətin suverenliyinin müdafiəsi baxımından strateji əhəmiyyətə malikdir. 

Bu yanaşma Azərbaycan üçün uzunmüddətli sabitliyi qorumaqda əsas rol oynayır və iqtisadi investisiyalar üçün proqnozlaşdırılan mühit yaradır.
Prezident İlham Əliyevin 2026-cı ilin əvvəlində verdiyi müsahibə sosial-iqtisadi mənada Azərbaycan üçün bir neçə əsas məqamı vurğulayır. Bunlar ilk növbədə2025-ci ilin nəticələrinin obyektiv qiymətləndirilməsi - sülh və sabitlik dövrü, beynəlxalq əməkdaşlığın gücləndirilməsi - iqtisadi, siyasi və strateji əlaqələrin genişləndirilməsi. sosial ədalət və rifahın təmin olunması - balanslaşdırılmış sosial və investisiya siyasəti. Regional inkişafın sürətləndirilməsi - infrastruktur və kommunikasiya layihələri. Texnologiya və innovasiya sahəsində inkişaf strategiyası - rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31