Üçüncü Dünya müharibəsi başlayacaq? - AÇIQLAMA
7 Yanvar 16:53 SiyasətBMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Turk ABŞ-nin Venesuelaya hərbi müdaxiləsinin ölkənin suverenliyini və BMT Nizamnaməsini pozduğunu bildirib. O bu cür hərəkətlərin beynəlxalq təhlükəsizliyi zəiflədərək üçüncü dünya müharibəsi riskini artıra biləcəyini vurğulayıb.
Turk həmçinin belə müdaxilələrin insan haqları pozuntularına və uzunmüddətli münaqişələrə yol aça biləcəyinə dair xəbərdarlıq edib.
Bəs görəsən, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi beynəlxalq hüquq və BMT Nizamnaməsi baxımından hansı nəticələrə yol aça bilər? Həqiqətən də 3-cü dünya müharibəsi riski artırmı?
Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Venesuelaya hərbi-siyasi müdaxiləsi və bu müdaxilə nəticəsində ölkə rəhbərinin həyat yoldaşı ilə birlikdə həbs edilərək ABŞ-yə aparılması birmənalı şəkildə BMT Nizamnaməsinin müddəalarına, eləcə də beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir:
"Ümumiyyətlə, BMT Nizamnaməsi dövlətlərin digər dövlətlərə qarşı güc tətbiq etməsini və ya güc tətbiqi ilə hədələməsini qəti şəkildə qadağan edir. Bu qadağa dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinin qorunması prinsiplərinə əsaslanır və beynəlxalq münasibətlər sisteminin dayaq sütunlarından biri hesab olunur. Bu baxımdan ABŞ-nin atdığı addımlar yalnız Venesuelanın daxili işlərinə müdaxilə deyil, eyni zamanda beynəlxalq hüququn fundamental prinsiplərinə açıq hörmətsizlik kimi qiymətləndirilməlidir".
Politoloq qeyd edib ki, belə halların qarşısının alınması üçün məhz BMT çərçivəsində ABŞ-yə münasibətdə prinsipial və konkret mövqe nümayiş etdirilməlidir:
"Əks halda, bu kimi presedentlərin yaranması gələcəkdə digər dövlətlərə qarşı da oxşar müdaxilələrin legitimləşdirilməsinə yol aça bilər. Bu isə beynəlxalq münasibətlər sisteminin mövcud hüquqi əsaslarının zəiflədiyini, hətta tamamilə çökə biləcəyini göstərir. Nəticə etibarilə, belə hadisələr yeni qlobal qarşıdurmaların və dünya müharibəsi risklərinin daha real xarakter almasına zəmin yaradır ki, bu da beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid deməkdir".