"Qarabağ modeli"ndə mərkəzi ideya: Məmur ordusu azalır, nəzarət güclənir – ÖZƏL
7 Yanvar 12:48 Siyasət"Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelini ölkənin digər bölgələrinə də şamil etməyin mümkünlüyü barədə fikirləri, əslində, dövlət idarəçiliyində daha rasional, yığcam və operativ mexanizmlərə keçidin gündəmdə olduğunu göstərir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əfsanə İbrahimova deyib. Ekspert bildirib ki, bu modelin mərkəzi ideyası az məmur sayı ilə daha çevik qərarvermə, sürətli icra və daha ciddi nəzarət mexanizmlərinin yaradılmasıdır. Post-müharibə dövründə yaranmış motivasiya fonunda bu yanaşmanın ölkənin digər bölgələrinə mərhələli şəkildə tətbiqi real görünür, çünki dövlət artıq Qarabağda pilot forma kimi sınadığı mexanizmlərin nəticələrini görür və onların genişləndirilməsi üçün siyasi iradə nümayiş etdirir.
"Bu modelin digər bölgələrə tətbiqi mərkəzi idarəetməyə iki əsas təsir göstərə bilər. Birincisi, mərkəzləşdirilmiş nəzarət daha güclənə bilər. Az məmurla işləyən, səlahiyyətləri daha dəqiq müəyyənləşdirilmiş yerli strukturlar mərkəzdən gələn tapşırıqlara sürətli reaksiya vermək qabiliyyətinə malik olur. Bu isə regional qərarverici institutların çevikliyini artırmaqla yanaşı, onların fəaliyyətinin monitorinqini də asanlaşdırır. İkincisi, mərkəzi idarəetmə üçün idarəetmə yükü azalır. Strukturların yığcamlaşdırılması və qərarvermə mexanizmlərinin rəqəmsallaşdırılması bölgələrdə paralel idarəetmə şəbəkələrinin ortadan qalxmasına, resursların təkrarsız paylanmasına və daha sistemli regional idarəçiliyə gətirib çıxara bilər", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, az məmurla işləmə yanaşması korrupsiyanın qarşısının alınması baxımından da müəyyən əhəmiyyətli təsir yarada bilər. Məmur sayı azaldıqca, qərarvermə və icra zənciri qısalır, prosesdə şəffaflığın təmin olunması daha asan olur. Korrupsiya əsasən mürəkkəb strukturlarda, çoxpilləli icra mexanizmlərində və nəzarətsiz səlahiyyət bölgüsündə yaranır. Yeni model çevik nəzarət, daha ciddi hesabatlılıq və rəqəmsal idarəetmə vasitələrinin tətbiqi ilə bu boşluqları minimuma endirməyi hədəfləyir. Bundan başqa, az məmurlu strukturda hər bir vəzifə sahibinin məsuliyyəti kəskin şəkildə artır və fərdi məsuliyyət mexanizmi daha aydın görünür.
Ekspertin fikrincə, bu modelin korrupsiyanı tam aradan qaldıracağı düşünülməməlidir. Effektivlik əsasən iki faktordan asılı olacaq: nəzarət mexanizmlərinin real tətbiqi və şəxsi məsuliyyət prinsipinin sərt şəkildə işləməsi. Əgər həm mərkəzi, həm regional səviyyədə bu sistem davamlı audit, rəqəmsal izleme, ictimai nəzarət və kadr məsuliyyəti ilə müşayiət olunarsa, yeni idarəetmə modeli korrupsiya və özbaşınalıqla mübarizədə ciddi nəticələr verə bilər.
"Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda sınaqdan keçirilən idarəetmə modeli ölkənin digər bölgələrinə tətbiq oluna biləcək real alternativ kimi görünür. Bu yanaşma həm struktur yüklərini azaldır, həm çevik idarəetməyə şərait yaradır, həm də korrupsiya ilə mübarizədə rıçaqları gücləndirə bilər. Lakin sistemin uğuru yalnız struktur dəyişikliyindən deyil, onun ardıcıl və prinsipial tətbiqindən asılı olacaq", - deyə Ə. İbrahimova sonda bildirib.
Lamiyə Cəbrayılova