Azərbaycan-NATO əməkdaşlığı və geosiyasi reallıqlar- ÖZƏL

NATO-nun mobil təlim qrupu Bakıda "Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə" mövzusunda seminar keçirib. Təlimlər dekabrın 5-dək davam edib. NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Aleksandr Vinnikov Azərbaycana səfər edərək təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edib. Azərbaycan-NATO əlaqələri 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramı ilə başlayıb. Qeyd olunur ki, enerji resursları və hərbi potensialı sayəsində Azərbaycan NATO-nun "cənub cinahında" mühüm aktora çevrilir.



Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 

"NATO təkcə Bakı yox, bütün strateji coğrafiyalarda yerləşən, həmçinin sizin də qeyd etdiyiniz kimi potensiala malik dövlətləri öz sıralarına qoşa bilər və ittifaqın sərhədlərini şərqə, cənuba, qərbə doğru genişləndirmiş olar. Azərbaycanın NATO-ya qoşulması da NATO tərəfindən yanaşıldıqda onların maraqlarına bir çox məsələlərdə uyğun ola bilər. Ən başlıcası da şərqə doğru genişlənmə siyasətində, eyni zamanda Rusiyaya və İrana qarşı atılan addımlarda NATO üçün bu, effektiv nəticələr verə bilər.
Amma burada məsələ sadəcə NATO-nun nə istədiyindən ibarət deyil. Məsələ Azərbaycanın da buna yanaşmasını nəzərə almaqdır. Çünki əgər ittifaqa qoşulmaqla bağlı bir müzakirə olacaqsa və yaxud da bu ehtimaldan danışırıqsa, burada yalnız bir tərəfin-Azərbaycanın və ya NATO-nun verdiyi qərar önəmli deyil. Hər iki tərəfin buna müsbət yanaşması lazımdır ki, mövcud bir qoşulma prosesindən danışmaq mümkün olsun. Məsələn, tutalım ki, Azərbaycan qoşulmaq istəyir, NATO isə buna razı deyil- bu halda proses mümkün olmayacaq. Eyni şəkildə NATO istəyər ki, Azərbaycan ittifaqa qoşulsun, amma Azərbaycan bunu istəməzsə, yenə də mümkün olmayacaq. Bu məsələdə hər iki tərəf ortaq mövqedə dayanmalıdır. Bayaq qeyd etdiyim kimi, NATO bir çox aspektlərdə Azərbaycanın ittifaqa qoşulmasını arzu edə bilər. Amma Azərbaycanın indiki mərhələdə NATO-ya qoşulmaq istəyi varmı? Mənə elə gəlir ki, xeyr. Düşünürəm ki, Azərbaycan indiki qlobal qarşıdurmaların şiddətləndiyi, güc mərkəzləri arasında rəqabətin artdığı bir reallıqda NATO-ya qoşulmağı düşünməməlidir. Çünki NATO-ya qoşulmaq sadəcə istəklə, arzuyla və yaxud da qarşıya qoyulan hər hansı bir məqsədlə gerçəkləşən bir hal deyil. Burada reallıqlar nəzərə alınmalıdır. İndiki reallıqlar isə onu göstərir ki, NATO-ya qoşulmaq istər Azərbaycan, istərsə də başqa Cənubi Qafqaz ölkələri üçün "poliqona çevrilmək" riskini də bərabərində gətirə bilər. Ona görə ki, NATO və ya  kollektiv Qərb ilə mümkün olan kollektiv Şərq, yəni şərq mərkəzləri arasında hazırda ciddi qarşıdurma mövcuddur.Ukraynada bu qarşıdurma hərbi müstəvidə belə açıq şəkildə özünü göstərir və münasibətlər getdikcə daha da kəskinləşir. Bu halda Azərbaycanın NATO-ya qoşulması özünü şərq mərkəzləri üçün hədəfə çevirmək anlamına gələ bilər. Burada söhbət Azərbaycanın qorxmasından və ya çəkinməsindən getmir. Sadəcə reallıq ondan ibarətdir ki, indi Azərbaycanın hansısa tərəflə düşmənliyə getməsi lazım deyil. Bütün tərəflərlə münasibətləri qoruyub saxlamaq, heç bir bloka qoşulmamaq və iki güc mərkəzinin qarşıdurmasında tərəf olmamaq çox önəmlidir. Amma Azərbaycan NATO-ya qoşularsa, bayaq da toxunduğumuz kimi, ittifaqın sərhədlərinin genişlənməsi və gücünə güc qatmaq baxımından müəyyən effektiv nəticələr də göstərə bilər. Çünki Azərbaycan müharibədən qalib ayrılmış tərəfdir. Ordusu və hərbi sahədə öz standartları olan bir ölkədir. NATO standartlarına uyğunlaşmaqla yanaşı, öz təcrübələrini və üstünlüklərini də bu prosesdə ittifaqa təqdim etməklə NATO-ya fayda verə bilər. Bu faydaları sadalamaqla bitməz. Amma dediyim kimi, indi biz bu faydaları müzakirə etmək üçün tələsmiş olarıq. Çünki mənə elə gəlir ki, Azərbaycanın belə bir planı yoxdur və yaxın gələcəkdə də olmayacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31