“Erməni üçlüyü”nə Kremldən “vur” təlimatı verildi: Paşinyan Türk İttifaqının “çətiri” altına sığınır
18:45 SiyasətRəsmi İrəvan ölkədaxili siyasətdə Ermənistanın Rusiyaya bağlı keçmiş hakimiyyət klanını siyasi səhnədən tam şəkildə çıxarmağa çalışır, erməni kilsəsini isə daxili legitimlik böhranına düçar etməyə nail olub... Ermənistan ölkədaxili siyasi-ideoloji transformasiya nəticəsində Cənubi Qafqazın yenidən qurulmaqda olan geopolitik düzənində öz yerini fərqli hədəflərlə müəyyənləşdirməyə cəhd göstərir...
Ermənistanın ölkədaxili siyasi gündəmi son vaxtlar kəskin şəkildə dəyişməyə başlayıb. Paşinyan hakimiyyətinin "Qarabağ danışıqları" ilə bağlı əvvəllər gizli saxlanılan sənədləri ictimailəşdirməsi və Türkiyə ilə normallaşma istiqamətində intensiv siyasi-diplomatik mesajlar, eləcə də, Ermənistan Apostol Kilsəsində baş qaldıran daxili böhran bu ölkədə genişmiqyaslı ideoloji transformasiya prosesinin başlandığını göstərir. Və bu proseslər həm ölkədaxili siyasi nizamı sarsıdır, həm də Cənubi Qafqazın yeni geopolitik arxitekturasına birbaşa təsir edir.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin 2011-ci ilə aid Kazan sənədini və keçmiş prezident, hərbi cinayətkar Serj Sarkisyanın 2016-cı ildə Rusiya lideri Vladimir Putinə yazdığı məktubu dərc etməsi yalnız tarixi faktların açıqlanması deyil. Çünki bu addım həm də baş nazir Nikol Paşinyanın ölkədaxili siyasi strategiyasının mərkəzində dayanır. Paşinyan hakimiyyətinin əsas məqsədi keçmiş hakimiyyətlərin "Qarabağ siyasəti"ndəki manipulyasiyalarını üzə çıxarmaqla, Köçəryan-Sarkisyan cütlüyünün siyasi təsir imkanlarını tamamilə zəiflətməkdir.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyan məhz həmin sənədlərin dərcindən dərhal sonra "keçmiş liderlər"in artıq onun üçün siyasi rəqib sayılacaq səviyyədə olmadıqlarını və onların siyasi-ictimai rolunun müzakirəsinin artıq əhəmiyyət daşımadığını bildirib. Yəni, faktiki olaraq, erməni baş nazir 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq mərhələsində "keçmişin ağır mirası"nı öz üzərindən atmağa çalışır. Və üstəlik, həm də öz siyasətini "təcrid olunmuş sülh xətti" deyil, məhz "ardıcıl tarixi prosesin davamı" kimi təqdim etməyə cəhd göstərir.
Digər tərəfdən, Qərb siyasi dairələri də son vaxtlar Cənubi Qafqazda cərəyan edən regional proseslərə daha həssas yanaşmağa başlayıblar. Hətta bəzi məlumatlara görə, Avropa Birliyinin Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasını öz Cənubi Qafqaz siyasətində əsas prioritet kimi gördüyü bildirilir. Hər halda, Avropa Birliyinin diplomatiya qurumunun rəhbəri Kaya Kallasın son açıqlaması Brüsselin Cənubi Qafqazdakı strategiyasının artıq dəyişdiyini açıq şəkildə göstərir. Çünki əvvəllər sırf ermənipərəst mövqedən çıxış edərək, regional gərginliyin artırılmasına üstünlük verən Avropa Birliyi indi Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin mümkün qədər tez bir zamanda normallaşdırılmasında maraqlı olduğunu sezdirir.
Məsələ ondadır ki, Avropa Birliyi artıq yalnız regional sülh prosesində vasitəçi kimi deyil, həm də Cənubi Qafqazda geostrateji xarakter daşıyan geoiqtisadi layihələrdə tərəfdaş rolunda yer almağa can atır. Ona görə də, Brüsseldən verilən bəyanatlarda Avropa Birliyinin konkret addımlarla bu prosesə pozitiv müdaxilə etməyə hazır olduğu qabardılır. Xüsusilə də, Avropa Birliyi Cənubi Qafqazda yeni logistik və təhlükəsizlik şəbəkəsinin qurulmasında iştirak niyyətini biruzə verir. Və Avropa Birliyi üçün Cənubi Qafqaz Orta Dəhlizin əsas tərkib hissəsidir, TRİPP layihəsinin (Zəngəzur dəhlizi) reallaşması isə bu dəhlizin tam fəaliyyətə başlamasında həlledici rol oyna bilər.
Son məlumatlara görə, rəsmi Ankara yaxın altı ay ərzində Türkiyə-Ermənistan sərhədinin açılma imkanlarını ciddi şəkildə nəzərdən keçirir. Bu addım bir tərəfdən, ABŞ və Avropa Birliyinin də Cənubi Qafqaz prioritetləri sırasına daxildir. Digər tərəfdənsə, həm də Paşinyan hakimiyyəti üçün olduqca önəmli siyasi dividendlər vəd edir. Çünki Ermənistanın blokadasının aradan qaldırılmasına yönəlik istənilən proses Paşinyan hakimiyyəti üçün 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində böyük geopolitik uğur kimi təqdim edilə bilər. Və böyük ehtimalla Paşinyan hakimiyyətinin öz mövcudluğunu qorumasında maraqlı olan Türkiyə-Azərbaycan İttifaqı bu addımı koordinasiyalı şəkildə reallaşdırmağa çalışır.
Ona görə də, indi TRIPP layihəsi əslində, Cənubi Qafqazda yeni regional dəhlizin geopolitik maraq toqquşmaları yükünü öz üzərinə çəkməkdədir. Çünki Rusiyanın geopolitik maraqlarına kifayət qədər ciddi problemlər yaradan bu layihə rəsmi İrəvan tərəfindən Ermənistan və Azərbaycan arasında "infrastruktur dialoqu"nun olduqca önəmli faktoru kimi qəbul olunur. Belə ki, bu marşrut Azərbaycanın əsas hissəsini Naxçıvanla, Ermənistanı isə regional və Avrasiya bazarları ilə birləşdirən daha effektiv suverenlik əsaslı multilateral dəhliz kimi təsəvvür olunur. Və rəsmi İrəvanın qabartdığı bəzi prinsiplər - ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik və s. onu göstərir ki, Ermənistan Zəngəzur dəhlizi konsepsiyasını özünə uyğunlaşdıraraq, yeni formatla qəbul etməyə daha meyllidir.
Ancaq bütün bu proseslərin qarşısında Kremlin idarə etdiyi "erməni üçlüyü" - kilsə, oliqarxiya və radikal-revanşist siyasi düşərgə əsas əngəlləyici faktorlardan biri kimi diqqəti çəkir. Halbuki, Paşinyan hakimiyyəti son vaxtlar "erməni üçlüyü"nü sarsıdıcı siyasi-inzibati zərbələrlə nisbətən zəiflətməyə nail olub. Baş nazir Nikol Paşinyanın son qətiyyətli manevrləri isə erməni kilsəsində daxili böhranı getdikcə dərinləşdirir. Hər halda, erməni kilsəsinin rəhbərliyinə daxil olan 10 yüksək rütbəli keşiş artıq katolikos II Qaregini istefaya çağırır. Onlar katolikosu avtoritar idarəçilikdə, siyasətə yolverilməz müdaxilədə və kilsə qanunlarını kobud şəkildə pozmaqda ittiham edirlər.
Belə anlaşılır ki, Ermənistanın ənənəvi siyasi sistemində indi artıq mühüm dəyişikliklər mərhələsi başlayıb. Erməni kilsəsi həmişə dövlət siyasətinə birbaşa təsir edən əsas faktor olub. İndi isə Paşinyan hakimiyyəti açıq siyasi-ideoloji zərbələrlə erməni kilsəsini küncə sıxışdırıb. Xüsusilə də, katolikosun 1999-cu ildə "təzyiqlər altında seçilməsi" kimi ittihamlar erməni kilsənin fəaliyyət legitimliyini sual altına qoyur və yaxın vaxtlarda bu böhranın daha da kəskinləşəcəyi gözlənilir.
Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanı daha dərin və çoxşaxəli transformasiya dövrünə keçirtməyə çalışır. Rəsmi İrəvan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasını əsas prioritet istiqamət kimi qabardır. Ermənistanın Qərbə inteqrasiya prosesinin uğur qazanmasının məhz bu prosesdən asılı olduğunu vurğulayır. Eyni zamanda, Avropa Birliyinin regionda fəallaşmağa çalışması və Türkiyə-Ermənistan xəttində yumşalma Cənubi Qafqazda yeni təhlükəsizlik modelinin formalaşmaqda olduğunu biruzə verir.
Bütün bunlara paralel olaraq, rəsmi İrəvan ölkədaxili siyasətdə Ermənistanın Rusiyaya bağlı keçmiş hakimiyyət klanını siyasi səhnədən tam şəkildə çıxarmağa çalışır, erməni kilsəsini isə daxili legitimlik böhranına düçar etməyə nail olub. Ona görə də, Ermənistan bu siyasi-ideoloji transformasiya nəticəsində postsovet məkanında yeni prioritetlərə can atan dövlətlərdən birinə çevrilir. Və Cənubi Qafqazın yenidən qurulmaqda olan geopolitik düzənində öz yerini fərqli hədəflərlə müəyyənləşdirməyə çalışır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert