Azərbaycan yeni tranzit mərkəzinə çevrilir: Kremlin qıcıqlanması dərinləşir- ÖZƏL 

Azərbaycanın Şərqdən Qərbə tranzit rolu Orta Dəhlizin güclənməsi fonunda sürətlə artır. Aİ bu marşrutu Şimal yoluna alternativ kimi dəstəkləyir. Artan tranzit imkanları Rusiyada narazılıq yaradıb və Moskva yükləri Azərbaycandan yan keçərək İrana yönəldib. Paralel olaraq, Gürcüstanın Azərbaycan yük maşınlarına maneələri Kremlin təsiri ehtimallarını artırır. Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
" Burada əsas məsələlərdən biri odur ki, bəli, faktiki olaraq Azərbaycanın Orta Dəhliz ideyası  bir sıra dövlətlərin xoşuna gəlmir. Məsələn, dövlətlər buna mane olmağa çalışır, marşrutunu bəyənmir və ya bu yolun istifadəsini istəmirlər. Və   təkcə söhbət Rusiyadan gələn təsirlərdən getmir. Daha başqa dövlətlər də olur. Məsələn, Bakı-Tbilisi xəttini çəkəndə biz buna həm yerli dövlətlərdən, həm də beynəlxalq güclərdən maneələr gördük. Onlar istəyirdilər ki, Azərbaycan bu layihəsini maliyyələşdirməsin, qarşısı alınsın və s. Ancaq xüsusilə son hadisələr fonunda,Rusiyadan yan keçən marşrut axtarırdılar. Avropa İttifaqı da, Çin də mallarını göndərmək üçün həmişə diversifikasiya istəyir. Ona görə də Orta Dəhliz burada maraqlı bir alternativ ola bilər. Amma bu da bəzi qüvvələri, xüsusilə Rusiyanı kifayət qədər qıcıqlandırır. Təsadüfi deyil ki, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin Hindistandadır və orada Hindistan-Şimal-Cənub Dəhlizinin aktivləşdirilməsi, gücləndirilməsi ilə bağlı danışıqlar aparılır. Və bu hadisələr fonunda Azərbaycanın Orta Dəhlizinə maneələrin artması və Şimal-Cənub Dəhlizinin Azərbaycanın yan keçməsi heç də təsadüfə oxşamır. Faktiki olaraq məsələ bundadır ki, Rusiya Hindistanla birbaşa ticarət əlaqəsi yaratmaq üçün Mərkəzi Asiya regionundan istifadə edir, amma Azərbaycanı kənarda saxlayır. Azərbaycan faktiki olaraq bu dəhlizdən kənarda qoyulmuş olur. Biz bunu görürük.
Amma paralel olaraq Gürcüstanda Azərbaycan üzərində təzyiq imkanları artır. Burada biz Rusiyanın geopolitik addımlarını izləyərək bunu görə bilirik. Yəni, əgər paralel şəkildə Hindistanla Rusiya hazırda Orta Dəhlizin gücləndirilməsi üzərində iş aparırsa, digər tərəfdən Şimal-Cənub Dəhlizinin Azərbaycan ayağını bağlayaraq Xəzərin digər tərəfindən marşrutları gücləndirirsə və Azərbaycanın Orta Dəhliz üzrə daşıdığı mallara problemlər yaradılırsa, deməli, burada hədəfin Azərbaycan olduğu aydın görünür.
Burada Azərbaycan niyə hədəfdir? Birincisi, Azərbaycan Avropaya alternativ nəqliyyat marşrutu təqdim etmək imkanına malikdir və bununla bağlı Avropa İttifaqının mövqeyi bəllidir- onlar deyirlər ki, bu bizim üçün alternativ yoldur. İkincisi isə burada Rusiya-Azərbaycan münasibətlərində pisləşmə, soyuma görünür. Rusiya artıq Azərbaycanı açıq şəkildə hədəf göstərir, təhdid edir. Məsələn, əvvəllər Ruslar Azərbaycanı sırf Türkiyə ilə yaxınlığına görə tənqid edirdilərsə, artıq indi Türkiyə yox, daha çox ABŞ və digər Qərb ölkələri ilə yaxınlığına görə tənqid edirlər. Artıq biz bunları açıq şəkildə eşidirik.
Paralel olaraq Azərbaycan da bu tənqidlərə, ittihamlara və təhdidlərə hansısa bir cavab verməyə çalışır. Və burada Rusiya-Azərbaycan münasibətlərində eskalasiya var. Hər nə qədər arada gərginlik səngimiş kimi görünsə də, münasibətlər normallaşmış kimi təqdim olunsa da, əslində görünən odur ki, faktiki olaraq hazırda münasibətlər kifayət qədər gərgindir. Ən azından Rusiyanın Azərbaycana baxışı gərgindir. Çünki Rusiya həm öz maraqlarına uyğun olan marşrutlarda Azərbaycanı kənarda saxlayır, həm də Azərbaycanın maraqlarına uyğun marşrutlara təzyiq göstərir, onları nəzarətdə saxlamağa çalışır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31