"Həll etmək istəmədilər": Minsk Qrupu niyə Qarabağ problemini çözmədi? – ÖZƏL
16:54 SiyasətAzərbaycanın tələbi ilə fəaliyyətini dayandıran ATƏT-in Minsk Qrupunun (MQ) 30 illik fəaliyyəti sual altındadır.
Minsk Qrupu Qarabağ probleminin həllində heç bir töhfə verməyən və öhdəliklərini yerinə yetirməyən qurum kimi qiymətləndirilir.
Minsk Qrupu özünün 30 illik fəaliyyətinin hansı səbəbdən uğursuz olduğu, Qarabağ problemini niyə həll edə bilmədiyi və yaxud da niyə həll etmək istəmədiyi barədə sualları özündə əks etdirən bir rəsmi hesabat yaymalıdırmı? Yaxud ATƏT rəhbərliyi bununla bağlı bir hesabat təqdim etməlidirmi? Problemi həll etmək istəmədilər, yoxsa bacarmadılar?
"ATƏT Avropada təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi məqsədilə yaradılıb. 1975-ci il Helsinki Yekun Aktının əsasında formalaşan bu təhlükəsizlik sistemi zamanla geniş səlahiyyətlər qazanıb. Təbii ki, BMT-nin tövsiyəsi ilə ATƏT Qarabağ münaqişəsinin həlli məsələsini öz üzərinə götürmüşdü. Amma keçən 30 il ərzində o, yalnız və yalnız status-kvonun qorunması ilə məşğul oldu. Yəni, real irəliləyiş baş vermədi".
.jpg)
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O bildirib ki, müxtəlif təşəbbüslər, görüşlər, müzakirələr oldu, amma bütün bunlar nəticəsiz qaldı. Əlbəttə, bütün hallarda ATƏT bu məsələni gündəliyinə daxil etməli və müzakirə etməlidir ki, nə üçün dünyanın böyük dövlətlərinin də həmsədr olduğu bu qrup münaqişənin həllində heç bir real rol oynamadı. Açıq təsəvvür yaranır ki, onlar sanki münaqişənin həllini arzulamırdılar.
Başqa sözlə, həll etmək üçün ciddi şəkildə çalışılmadı və status-kvonun davam etməsi onların fəaliyyətinin başlıca prioritetinə çevrildi. Halbuki bu qrup sırf problemi çözmək üçün yaradılmışdı və burada çözülməyəcək bir şey yox idi. Yalnız beynəlxalq hüququ tətbiq etmək kifayət edərdi ki, məsələ aydınlaşsın. Çünki burada açıq şəkildə iki tərəf var idi: əraziləri işğal olunan Azərbaycan və işğalçı tərəf Ermənistan. ATƏT Ermənistanı məcbur edə bilərdi ki, işğal etdiyi ərazilərdən çıxsın və Azərbaycanın ərazi bütövlüyünü təmin etsin.
Amma təəssüf ki, bu illər ərzində ATƏT-in təqdim etdiyi təkliflər beynəlxalq hüququn tələblərindən çıxış etmirdi. Onlar bir çox hallarda güzəştlərə, kompromislərə əsaslanır, əksər hallarda da Azərbaycan hesabına müəyyən güzəştli sənədlər irəli sürürdülər. Dolayısıyla, ATƏT öz səlahiyyətlərini düzgün şəkildə istifadə etmədi.
Ekspert qeyd edib ki, nəticə olaraq, məsələ də həll olunmadı. Burada "istəmədilər" yanaşması daha real görünür. Ola bilsin, müəyyən ikili standartlar var idi, ola bilsin, xristian həmrəyliyi kimi amillər rol oynayırdı və yaxud da Azərbaycanın bu vəziyyətdə qalması onların müəyyən şərtlər irəli sürməsi üçün əlverişli idi. Yəni, izahlar çox ola bilər. Amma hər halda ATƏT bu məsələni müzakirə etməli və fəaliyyəti artıq dayandırılmış Minsk qrupunun işinə obyektiv qiymət verilməlidir ki, gələcəkdə belə uğursuz mexanizmlər təkrarlanmasın.
"Bütün hallarda mən hesab edirəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti mənfi qiymətləndirilir. Çünki o, qarşısına qoyduğu məsələləri həll etmədi, məsələyə düzgün yanaşmadı, beynəlxalq hüquqa uyğun davranmadı, mandatına uyğun hərəkət etmədi. Buna görə də münaqişə uzun illər çözülməmiş vəziyyətdə qaldı," - deyə Əli Mustafa sonda vurğulayıb.
Lamiyə Cəbrayılova