Qara dənizdə hücumlar: tarixi praktikadan müasir münaqişələrə- ÖZƏL
16:06 Siyasət"Beynəlxalq dəniz qanunvericiliyinə dair 1936‑cı ilin London razılaşmaları mülki və ticarət gəmilərinə hərbi gəmilərin hücumunu qadağan edir. 1939‑cu ildə qüvvəyə minmiş həmin konvensiyanı Birinci dünya müharibəsində iştirak etmiş dövlətlərin demək olar ki, hamısı - Rumıniya istisna olmaqla imzalamışdı. Bu praktikaya müraciət edən ilk tərəf isə Almaniya olmuşdur. Məhz onun hərbi dəniz və sualtı donanması dünya müharibəsi dönəmində sualtından gözlənilmədən qarşı tərəfin mülki gəmilərinə yaxınlaşır, malları müsadirə edir, mülki heyəti gəmini tərk etməyə çağırırdı".

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Britaniya ticarət gəmilərindən alman sualtı gəmilərinin aşkar edilməsi məqsədilə istifadə etməyə qərar verdikdən sonra (bu zaman ticarət gəmiləri silah və toplarla təchiz edilirdi), almanlar mülki gəmiləri sorğusuz-sualsız batırmağa başladılar. Sonralar İkinci dünya müharibəsi illərində də bu praktika davam etdirilmiş, Yaponiyanın 1941‑ci ilin hücum etməmək barədə müqaviləsinə baxmayaraq SSRİ‑nin 18 ticarət gəmisinə hücum etməsi və onları batırması Moskvaya 1945‑ci ildə Tokioya müharibə elan etmək üçün əsas vermişdir. Hətta 1980-1988-ci illərin İran-İraq müharibəsi dövründə də tərəflərin 340‑dan çox ticarət gəmisinə hücum etməsi 30 milyon ton yükün məhvinə gətirib çıxarmışdır. Hazırda Qırmızı dənizdə Qərb dövlətlərinə məxsus neft daşıyan tankerlərə hücumları Yəmən husiləri həyata keçirirlər.
Ukrayna-Rusiya müharibəsinin başlanmasından bəri tərəflər Qara dəniz hövzəsində qarşılıqlı olaraq müxtəlif əməliyyatlara yol veriblər. Ukrayna dronlarının hücumları Rusiyanı özünün Qara dənizdəki hərbi bazasını hətta Sevastopoldan Novorossiyskiyə köçürməyə məcbur etmişdir. Ukrayna Rusiyaya məxsus mülki gəmilərə hücumları bu gəmilərin Rusiyanın "kölgə donanmasına" aid olması adı altında əsaslandırmağa çalışır. Qambiya bayrağı altında üzən bu tankerlərlə Rusiyanın Hindistana razılaşdırılmış həcmdən artıq neft məhsulu daşıdığını iddia edir və bu yolla Qərbdəki havadarlarının dəstəyini qazanacağına ümid edir.
Lakin məsələ burasındadır ki, əgər mülki gəmilərə dron hücumları əvvəlcə Qara dənizin şimal akvatoriyasında, Rusiya ərazi sularına yaxın bölgələrdə həyata keçirilirdisə, indi bu hücumlar dənizin cənub hövzəsində, Türkiyə ərazi sularından 18-25 mil məsafədə edilir. Bu isə Türkiyənin ərazi hövzəsi yaxınlığında hərbi gərginliyin partlayış səviyyəsinə keçə biləcəyi ehtimallarını doğurur və haqlı olaraq rəsmi Ankaranın narazılığına səbəb olur.
Rusiyanın Qara dənizi Ukraynanın üzünə bağlaya biləcəyi ilə bağlı xəbərdarlıq və hədələri isə Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını daha da artırır. Bu da anlaşılandır, çünki müharibənin əvvəlində Rusiyanın Qara dənizdə Ukraynaya tətbiq etdiyi embarqo Ukrayna taxılının Avropa, Türkiyə və Afrika ölkələrinə çatdırılması ilə bağlı məsələlərdə ciddi məhdudiyyətlər yaratmış və yalnız rəsmi Ankaranın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Qara dənizdə Rusiyanın Ukrayna ətrafındakı mühasirə halqası götürülmüşdür.
Hazırda bu praktikanın tətbiqi yalnız Ukraynaya məxsus Xerson, Odessa və Nikolayevsk ərazilərinin Rusiyanın nəzarətinə keçəcəyi təqdirdə mümkündür. Lakin Rusiya Silahlı Qüvvələrinin müharibənin əvvəli ilə müqayisədə ləng hərəkəti bunu mümkünsüz edir, hər halda bunun üçün bir neçə il gözləmək lazım ola bilər. Bununla belə, Kerç boğazına nəzarətin rusların ixtiyarına keçəcəyi halda Qara dəniz hövzəsində donanmaların iştirakı ilə hərbi əməliyyatların genişlənəcəyi birmənalıdır və rəsmi Ankara Qara dəniz boğazları ətrafında vəziyyətə Lokarno konfransının qərarlarına rəğmən məsul dövlət kimi bu yöndə iştirakda maraqlı deyil. Ukraynanın Rusiyaya bitki yağı daşıyan və Qambiya bayrağı altında üzən tankerləri vurmasının digər bir bəlli səbəbi də var: Ukrayna özü dünya bazarına bitki yağı çıxaran ölkələrdən biridir və bu mənada bu məhsulu ixrac edən onları batırmaqla dövlətlərlə rəqabəti quldur sayağı aparır ".
Zeynəb Mustafazadə