Qarabağ iddiaları niyə bitmir? Politoloq: “Bu, real siyasət deyil, emosional travmadır” - ÖZƏL

Ermənistanda bir qrup siyasi fəal yenidən Qarabağın Ermənistana "birləşdirilməsi" barədə köhnə ideyanı irəli sürüb. Erməni Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababayan bu prosesin reallaşdırılmasının "müasir tarixin təməl daşı" olduğunu iddia edib.
Qeyd olunur ki, 44 günlük müharibədən sonra bu cür revanşist ideyaların heç bir əsası yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu "çürük ideyanı" konstitusiyadan çıxarmağa hazırlaşdığı və mart ayında yeni qanunvericilik mətninin hazırlanacağı bildirilir.
Xəbərdarlıq edilir ki, erməni millətçiləri və daşnak qüvvələri Qarabağın  Ermənistana birləşdirilməsi məsələsini birdəfəlik unutmalıdırlar, çünki bu, Paşinyanın da təsdiqlədiyi kimi, absurddur.
Bəs Ağababayan kimilər niyə hələ də sərsəm çıxışlar edirlər? Erməni cəmiyyəti, doğrudanmı, gələcəkdə Qarabağın Ermənistana birləşdiriləcəyinə inanır? 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 

" Alvina Ağababayan kimi fiqurların Qarabağın Ermənistana "birləşdirilməsi" barədə çıxışları daha çox daxili auditoriyaya hesablanmış emosional-siyasi ritorika xarakteri daşıyır. Bu tip bəyanatlar reallıqdan çox postmüharibə travması, məğlubiyyət sindromu və köhnə ideoloji şablonların inersiyası ilə izah olunur. 44 günlük müharibədən sonra regional güc balansı və hüquqi-siyasi status-kvo köklü şəkildə dəyişib. Paraflanan sülh sənədlərində tərəflərin bir-birinə qarşı ərazi iddialarından imtina etməsi bu cür ideyaların hüquqi əsasını faktiki olaraq aradan qaldırır. Paşinyanın konstitusiyada dəyişiklik etməyə hazırlaşması da Ermənistanın rəsmi xəttinin artıq bu iddialardan uzaqlaşdığını göstərir. Bu isə o deməkdir ki, revanşist çıxışlar daha çox siyasi marginallıq müstəvisində qalır.
Erməni cəmiyyətində isə bu məsələ ilə bağlı vahid və monolit mövqe yoxdur. Müəyyən radikal və diaspor yönlü qruplar hələ də emosional gözləntilərlə yaşayırlar, lakin geniş ictimai rəy getdikcə daha çox sosial-iqtisadi problemlərə və dövlətin gələcək inkişafına fokuslanır. Müharibədən sonra yaranmış yeni reallıqlar, iqtisadi asılılıq və təhlükəsizlik riskləri cəmiyyəti daha praqmatik düşünməyə məcbur edir. Bu baxımdan Qarabağın gələcəkdə Ermənistana "birləşdiriləcəyinə" dair kütləvi və real inamdan danışmaq çətindir.
Ermənilərlə azərbaycanlıların qarşılıqlı səfərləri və təmasları isə birbaşa ərazi iddialarını gücləndirən yox, əksinə, uzunmüddətli etimad mühitini formalaşdıran faktor kimi çıxış edə bilər. Bu proseslər zamanla qarşı tərəfi demonizasiya edən miflərin zəifləməsinə təsir göstərə bilər. Lakin sosial-psixoloji yumşalma siyasi iddiaların dərhal yox olacağı anlamına gəlmir. Nəticə etibarilə, Ağababayan kimi şəxslərin çıxışları real siyasi strategiya yox, daha çox daxili narazılıqları səsləndirən simvolik jestlər kimi qiymətləndirilməlidir. Regionun gələcəyini isə emosional şüarlar deyil, mövcud güc balansı, hüquqi öhdəliklər və böyük oyunçuların maraqları müəyyən edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31