AXCP-nin ləğvi üçün tam hüquqi əsaslar yaranıb - ÇAĞIRIŞ
17:34 SiyasətSon günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatının ləğv olunması barədə çağırışlar səslənməkdədir. Xüsusilə, ötən həftənin şənbə günü AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində istintaqa cəlb olunması bu çağırışların sayını durmadan artırıb.
Milli Məclisin son plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bu barədə danışıb.
Sitat: "Əslində postsovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar".
Milli Məclisin deputatı Elçin Mirzəbəyli məsələ ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:
"Azərbaycan Respublikasının "Siyasi partiyalar haqqında" qanunu siyasi təşkilatların fəaliyyətinin demokratik prinsiplərə, konstitusion çərçivəyə, milli təhlükəsizliyə və dövlət suverenliyinə uyğunluğunu təmin edən əsas hüquqi mexanizmdir. Siyasi partiyaların təşkilatlanma və fəaliyyət sərhədləri məhz bu qanunla müəyyən olunur və dövlətin konstitusiya quruluşunun müdafiəsi hüquqi təminat altına alınır.
Mövcud faktlar və ictimaiyyətə açıq mənbələr göstərir ki, AXCP-nin fəaliyyəti bu qanunun bir sıra müddəalarının sistemli şəkildə pozulması ilə müşayiət olunur və bu vəziyyət həm hüquqi, həm də siyasi aspektdən ciddi məsuliyyət doğurur.
AXCP rəhbərliyinin çıxışlarında və sosial media çağırışlarında konstitusiya quruluşunun qeyri-qanuni yollarla dəyişdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi, əhalinin kütləvi itaətsizliyə təşviq edilməsi və dövlət orqanlarının legitimliyinin şübhə altına alınması kimi meyillər zaman-zaman özünü göstərib. Qanunun 4.3.1-ci maddəsi belə çağırışları qəti şəkildə qadağan edir və bu cür fəaliyyət siyasi partiyanın ləğvi üçün birbaşa hüquqi əsas yaradır. Partiyanın bu istiqamətdə davranışları həm qanunun ruhuna, həm də dövlət təhlükəsizliyinə tamamilə ziddir.
AXCP-nin xarici təsir dairələri ilə əlaqələrinə dair məlumatlar, müxtəlif QHT-lərlə, fondlarla, o cümlədən 2013-cü ildə Azərbaycanda qarşıdurma yaratmaq istəyən Rusiya mərkəzli "Milyarderlər İttifaqı", "Milli Şura" adlı qeyri-rəsmi təsisatlarla birgə və birbaşa fəaliyyətin izləri və informasiya kampaniyalarında iştirakı sübuta ehtiyacı olmayan faktlardır.
Bununla yanaşı, qanun siyasi partiyaların xaricdən maliyyə və ya hər hansı resurs qəbul etməsini, xarici təsir altına düşməsini tam şəkildə qadağan edir. AXCP-nin fəaliyyəti boyunca qeyri-rəsmi maliyyə mənbələrindən asılılığı, xaricdən maliyyələşməsi, partiyada nağd və şəffaf olmayan ödəniş praktikasının tətbiqi barədə ictimaiyyətə açıq faktlar mövcuddur.
Qanunun 23 və 24-cü maddələrinə görə, bu hallar ağır pozuntu hesab olunur və partiyanın fəaliyyətinin dayandırılması və ya ləğvi üçün əsas rol oynayır".
Deputat onu da qeyd edib ki, Əli Kərimli ilə Ramiz Mehdiyev arasında uzun illər davam edən münasibətlər barədə yayılan faktlar AXCP-nin müstəqil siyasi iradədən məhrum olduğunu göstərən mühüm arqumentlərdəndir:
"Partiyanın müəyyən siyasi qrupların maraqlarına uyğun olaraq süni qarşıdurmalar yaratması, cəmiyyətdə manipulyativ davranışlar sərgiləməsi siyasi təşkilatlanmanın könüllülük, qanunçuluq və özünüidarə prinsiplərinə ziddir. Belə hallarda partiyanın fəaliyyətinin üçüncü şəxs və qruplar tərəfindən yönləndirilməsi ehtimalı güclənir ki, bu da hüquqi baxımdan yolverilməzdir.
AXCP-nin radikal ekstremist qruplar və zorakı çağırış səsləndirən fərdlərlə paralel fəaliyyət göstərməsi, radikalizmi təşviq edən məlumat axınında iştirakı da təhlükəsizlik üçün əlavə risklər yaradır. Qanunun 4.3.2-ci maddəsi zorakılığın, radikalizmin və terror fəaliyyətinin təbliğini açıq şəkildə qadağan edir. Bu kateqoriyaya aid pozuntular siyasi partiya üçün ən ağır hüquqi məsuliyyət formalarındandır və dövlət təhlükəsizliyinə real təhdid kimi qiymətləndirilir.
Mövcud faktlar AXCP-nin fəaliyyətinin yoxlanılması üçün kifayət qədər hüquqi əsas yaradır. Qanunun 7-ci maddəsi mediada yayımlanan faktların rəsmi araşdırmaya başlamaq üçün əsas olduğunu bildirir.
Bütün bu hüquqi və siyasi təhlillər göstərir ki, AXCP-nin fəaliyyəti qanunun bir neçə əsas maddəsini sistemli şəkildə pozur. Bu pozuntular dövlətin konstitusiya quruluşu və milli təhlükəsizliyi üçün real risk yaradır. Qanunvericilik baxımından AXCP haqqında rəsmi yoxlamanın başlanması, təşkilatın fəaliyyətinin dayandırılması və partiyanın ləğvi üçün tam hüquqi əsaslar var".