Rusiya-Ukrayna müharibəsi Avropanı dəyişdi: Müdafiə siyasəti yenidən qurulur- ÖZƏL
17:00 Siyasət" 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi Avropada və bütövlükdə dünyada təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişib. Müharibədən əvvəl əksər Avropa dövlətləri müdafiəyə nisbətən az vəsait ayırırdılarsa, son illərdə Avropa İttifaqı (Aİ) və NATO ölkələri müdafiə və təhlükəsizlik sahəsinə ayırdıqları xərcləri ciddi şəkildə artırıblar. Bu artım həm müdafiə sənayesinin gücləndirilməsi, həm də orduların modernləşdirilməsi istiqamətində özünü göstərir".

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Avropada belə bir yanaşmanın əsas səbəbi Rusiyanın Ukraynadan sonra digər Avropa ölkələrinə qarşı da aqressiv davranış nümayiş etdirə biləcəyi ilə bağlı qorxulardır. Məhz buna görə münasibətlər getdikcə daha çox strateji rəqabət və qarşıdurma müstəvisinə keçir. Təbii ki, bu proses Avropa İttifaqının daxili siyasətinə də təsir göstərir. Belə ki, yeni müdafiə sazişləri imzalanır, hərbi əməkdaşlıq dərinləşdirilir və gələcək illər üçün orduların daha da gücləndirilməsi istiqamətində geniş zəmin hazırlanır.
Digər tərəfdən, ABŞ-da Donald Trampın hakimiyyətə qayıtması perspektivi Transatlantik münasibətlərdə müəyyən suallar yaratdı, Aİ ölkələrini daha çox özünü gücləndirmək strategiyalarına yönəltdi. Bu səbəbdən Avropa ölkələri birgə hərbi təlimlərə, idarəolunan silah sistemlərinin hazırlanmasına və müdafiə sənayesində koordinasiyaya xüsusi diqqət ayırırlar. Rusiya isə hazırda Ukrayna müharibəsinə fokuslandığı üçün genişmiqyaslı başqa bir hərbi əməliyyata başlamaq imkanları məhdudlaşır. Bundan əlavə, Moskva özü də hər hansı ölkəni işğal etmək planlarının olmadığını bəyan edir. Buna baxmayaraq, Rusiyanın ambisiyaları, həmçinin böyük əraziyə və ciddi hərbi potensiala malik olması regionda gərginliyin tam aradan qalxmasına imkan vermir.
Bu proseslərin fonunda 2030-cu ilə qədər yeni və genişmiqyaslı bir müharibənin başlama ehtimalı aşağı qiymətləndirilir. Həm Rusiya, həm də Avropa belə bir qarşıdurmada maraqlı görünmür. Lakin bu, qarşıdurma riskinin tamamilə yox olması anlamına gəlmir. Xüsusilə Baltikyanı ölkələr və Polşa Rusiyadan real təhlükə ehtimalını davamlı olaraq diqqətdə saxlayır. NATO-nun 5-ci maddəsi hər hansı hücumu bütün alyansa qarşı hücum kimi qiymətləndirdiyi üçün, bu maddə Rusiyanı genişmiqyaslı addımlardan çəkindirən əsas faktor olaraq qalır.
Eyni zamanda, gələcək illər üçün ən real ssenari böyük müharibələr deyil, daha çox lokal toqquşmalar, kiberhücumlar, təbliğat və digər hibrit təhdidlərin artmasıdır. Bu tip risklər həm Rusiyanın, həm də Avropa ölkələrinin gündəmində əsas yer tutmağa davam edəcəyi gözlənilir".
Zeynəb Mustafazadə