Ermənistanda Konstitusiya islahatları sürətlənir: Mart hədəfi və sülhə təsirləri- ÖZƏL

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın sədrliyi ilə Konstitusiya İslahatları Şurasının son iclası keçirilib. İclasda prokurorluq və istintaq orqanlarına dair müddəalar müzakirə olunub. Nazir bildirib ki, Ədliyyə Nazirliyi Konstitusiyanın yeni mətnini mart ayına qədər hazır vəziyyətə gətirmək öhdəliyini daşıyır.
Konstitusiyanın yeni mətninin mart ayına qədər hazırlanması nə dərəcədə real görünür?
Konstitusiya islahatları Ermənistanın Azərbaycanla münasibətlərinə necə təsir göstərə bilər? 
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: "Konstitusiya mətninin mart ayına qədər hazırlanma ehtimalı çox yüksəkdir. Əgər istəsələr, bu mətni 10 günə, bir aya da hazırlaya bilərlər. Əgər bir mətn hazırlanacaqsa, xüsusilə konstitusiya mətni hazırlanacaqsa, bunun üzərində ciddi iş görüləcək və bir komissiya qurulacaq. O komissiyanın tərkibinə Ermənistan cəmiyyətinin ən önəmli hüquqşünasları və bu sahə üzrə ixtisaslaşmış şəxslər daxil ediləcək. Onların əlində konstitusiya mətninin hazırlanması illərlə vaxt tələb edən məsələ olmayacaq. Marta qədər olan müddət də kifayət qədər genişdir və əgər məsələyə ciddi yanaşılsa, yeni konstitusiya mətnini hazırlamaq mümkün olacaq. Amma burada önəmli olan məsələ konstitusiya mətninin hazırlanması yox, həmin mətnin qəbul edilməsidir, yəni konstitusiyanın dəyişdirilməsi məsələsidir. Elə bir konstitusiya mətni hazırlanacaqsa, təbii ki, Ermənistan cəmiyyəti, xüsusilə cəmiyyətin aydın təbəqəsi və ya radikal, dindar kəsimi narazı ola bilər. Bu isə yeni qanunun qəbul edilməsinə mane ola və ya ümumiyyətlə mümkünsüz edə bilər. Ona görə də burada "nə vaxt hazırlanacaq"dan daha çox "necə hazırlanacaq" və bunun sülh prosesində hansı rolu oynayacağı önəmlidir. Əgər Ermənistanda konstitusiya islahatları baş tutsa, bu, Azərbaycanla münasibətlərə çox yaxşı təsir göstərə bilər. Çünki sülh mənti artıq paraflanıb, geriyə qalan isə Azərbaycanın əsas şərtlərindən biri olan konstitusiya dəyişikliyinin edilməsi, yəni Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan çıxarılmasıdır. Əgər bu edilərsə və Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları götürülərsə, o halda mövcud problemlərdən biri də həllini tapmış olacaq. Bu da, təbii ki, sülh prosesində növbəti mühüm addıma çevrilə bilər.
Regiondakı siyasi balans baxımından nəticələr necə ola bilər? Sülhün və yeni konstitusiya mətninin hazırlanmasının mart ayında planlaşdırılması barədə açıqlamalar verilir. Bundan 2-3 ay sonra isə Ermənistanda parlament seçkiləri keçiriləcək. Parlament seçkilərindən bir neçə ay əvvəl sülh mətninin- yeni konstitusiya mətninin gündəmə gətirilməsi ona əsas verir ki, hazırkı hakimiyyət seçkilərdə qalib gəlmək üçün konstitusiya təşəbbüsünü xüsusi olaraq həmin dövrə-yəni seçkilərin taleyini həll edəcək son 2-3 aylıq perioda saxlayır. Bununla da məqsəd regiondakı siyasi vəziyyətdən istifadə edib seçkiqabağı mövqelərini gücləndirməkdir. Bu nə deməkdir? Hazırkı hökumət çalışır ki, parlament seçkilərində revanşist qüvvələr, Rusiyaya meyilli siyasi qruplar və ya radikal, dindar kəsimin təmsilçiləri qalib gəlməsinlər. Buradan belə bir nəticə çıxır ki, yeni konstitusiya seçkilərin taleyini müəyyən edəcək. Seçkilərin taleyi isə yeni konstitusiya layihəsinin qəbul olunub-olunmaması formalaşdıracaq. Paşinyan hakimiyyəti çalışır ki, konstitusiyanın dəyişdirilməsi məsələsi ilə Ermənistan cəmiyyətində vahid bir siyasi rəy formalaşdırsın və bunun hesabına seçkilərdə qalib gəlsin. Qələbədən sonra isə yeni konstitusiyanın qəbuluna nail olmaq və sülh müqaviləsini imzalamaq istəyir. Əks halda Paşinyan tərəfi yaxşı bilir ki, sülhü pozan tərəf yenə Ermənistan olacaq və bunun doğura biləcəyi bütün risklər onların üzərinə düşəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31