Ermənilərin tarixi səhvi: Bakının təklifinə “yox” dedilər – sabiqlərdən pərdəarxası detallar

1990-cı illərin əvvəllərində Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin marşrutunun Qarabağ üzərindən Ermənistana, ordan isə Türkiyəyə uzanması təklif olunub. Bu barədə sabiq xarici işlər naziri Həsən Həsənov İTV-də yayımlanan proqramda bildirib. Onun sözlərinə görə, həmin dövrdə Ermənistan prezidenti Levon Ter-Petrosyana belə bir imkan təqdim edilib, əvəzində İrəvan Qarabağı işğaldan azad etməli idi. Lakin onlar bu təklifdən imtina edib.

Əgər layihə reallaşsaydı, regionun siyasi və iqtisadi mənzərəsi necə olardı?

Globalinfo.az bununla bağlı o dövrdə maliyyə naziri olmuş Fikrət Yusifovla əlaqə saxlayıb.

O deyib ki, Bakı neftinin Qərbə daşınması üçün indiki Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Ermənistan üzərindən çəkilməsi iqtisadi cəhətdən ən düzgün seçim ola bilərdi:

"Həmin dövrdə Maliyyə Nazirliyinə rəhbərlik edirdim. Boru kəmərinin çəkiləcəyi marşurutların mümkün variantları müzakirə edildiyi ərəfədə Almaniyanın məhşur "Şpigel" jurnalı bu mövzuda məndən müsahibə almışdı. Orada da boru xəttinin Ermənistan üzərindən keçməsinin ən məqbul variant olduğunu bildirmişdim. Eyni zamanda demişdim ki, bunun üçün onlar öz işğalçılıq siyasətindən geri çəkilməlidirlər. İrəvan başa düşməli idi ki, boru xəttinin ərazisindən keçməsi yeni müstəqil olmuş ölkəyə hansı dvidentləri gətirə bilər".

Sabiq nazir bildirib ki, bu tranzitə görə Ermənistanın büdcəsinə bir illik gəlirləri qədər əlavə vəsaitlər daxil ola bilərdi:

"Lakin ermənilər bunu dəyərləndirə bilmədilər. Əvəzində 30 il blokadada qalıb, sonda da ağır məğlubiyyətə düçar olaraq işğal etdikləri torpaqlardan getdilər. Bu addım onlara həm böyük maddi, həm də ciddi mənəvi zərbəvurdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31