"Rusiya mövcud vəziyyətdə üstün mövqedə deyil" – Ekspert – ÖZƏL

"Putin artıq dünən Təhlükəsizlik Şurasının iclasını keçirib, bu gün də keçirə bilər. Burada əsas müzakirə mövzularından biri Ukrayna-Rusiya müharibəsindəki gedişatdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, müharibə uzandıqca Avropa İttifaqının yeni sanksiyalar gündəmə gətirməsi, həmçinin Rusiyanın Avropaya dron hücumları məsələsi aktuallığını qoruyur. Buna görə də bugünkü iclasda bu məsələlərin ön planda olması gözlənilir. Digər tərəfdən, ABŞ ilə nüvə silahları ilə bağlı dialoqun bərpası məsələsi də gündəmə çıxa bilər.

Siyasi şərhçi qeyd edib ki, Putin dəfələrlə bəyan edib ki, əgər ABŞ nüvə silahları ilə bağlı danışıqlara qayıtmaq istəyirsə, Moskva masaya oturmağa hazırdır. Əks halda müharibənin miqyası böyüyərsə, nüvə məsələsinə toxunmaq qaçılmaz olacaq. Kremlin sözçüsü Dmitri Peskovun da dediyi kimi, Putinin bəyanatları Qərbdən gələn təzyiqlərə, Avropada baş verən hadisələrə və Rusiyanın mövqeyinə aydınlıq gətirə bilər. Rusiya dəfələrlə bəyan edib ki, heç bir Avropa ölkəsinə müdaxilə etmək niyyəti yoxdur. Lakin Qərb dövlətləri bu açıqlamalara inanmır. İclasda həmçinin ölkə daxilində baş vermiş son hadisələr, kadr dəyişiklikləri, müharibənin dərinləşməsi fonunda mobilizasiya məsələsi də müzakirə oluna bilər. Bu, Rusiyanın öz təhlükəsizliyini tam təmin etmə istiqamətində atacağı addımlar kimi dəyərləndirilir.

R. Məmmədova əlavə edib ki, digər bir mövzu ABŞ və Donald Tramp ilə danışıqlar, Ukrayna-Rusiya müharibəsində atəşkəsin əldə olunması və mümkün sülh sazişi ilə bağlı proseslərin istiqamətidir. Hazırda Rusiya vəziyyət baxımından üstün mövqedə deyil. Sanksiyalar ölkə iqtisadiyyatını boğur, Qərb isə enerji resurslarının satışına məhdudiyyətlər tətbiq etməyə çalışır. Bütün bunlar Putin üçün ABŞ və Qərblə mümkün sövdələşmələrin müzakirəsini zəruri edir. Bundan əlavə, Qafqazda və Asiyada baş verən proseslər də diqqət mərkəzində olacaq. Çünki Rusiya ətrafında dost ölkələrdən çox, son illər yaratdığı gərginlik səbəbindən münasibətlərin kəskinləşdiyi dövlətlər formalaşıb. Bu məsələlərin hər biri Təhlükəsizlik Şurasında müzakirə ediləcək və yaxın zamanda Putinin münasibəti daha aydın görünəcək.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31