Hicab və niqab qadağası: Rusiyada etnik və dini gərginlik artırmı? - ÖZƏL

"Rusiya Dövlət Dumasının deputatı Aleksandr Borodayın hicab və niqabın qadağan edilməsi təklifi Qərbin tənqidinə məruz qalan Rusiyanın dini azadlıqlara və insan hüquqlarına münasibətdəki ikili standartlarını bir daha ifşa edir. Bu addım Kreml rejiminin daxildəki etnik və dini azlıqlara qarşı basqı siyasətinin yeni bir təzahürüdür". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Borodayın "terrorla assosiasiya" kimi bəhanələri əslində ölkə daxilindəki müsəlman icmaların təcrid olunmasına və radikalizmin artmasına xidmət edən, təhlükəsizlik adı altında atılan bir ayrıseçkilik addımıdır. Lakin Borodayın bəyanatı bu imicin nə qədər kövrək olduğunu nümayiş etdirir. Bu cür qadağalar Şimali Qafqaz və digər müsəlman bölgələrindəki icmaların Rusiyaya olan inamını sarsıda bilər. Bu siyasət milli birliyi möhkəmləndirmək əvəzinə, cəmiyyəti parçalayır və Kremlin etnik separatizmlə mübarizə siyasətini zəiflədir. Diplomatik baxımdan bu təklif Rusiyanın beynəlxalq arenadakı mövqeyinə ciddi ziyan vura bilər. Moskva Yaxın Şərq və Orta Asiya ilə münasibətlərində İslam dünyasına hörmətlə yanaşdığını iddia edir. Lakin bu cür qadağalar bu bəyanatlarla ziddiyyət təşkil edir. Bu addım Rusiya ilə əlaqələri olan müsəlman ölkələrində də narazılıq yarada bilər, Türkiyə və İran kimi strateji tərəfdaşlarla münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Qərb isə bu təklifi Rusiyanın insan hüquqlarına münasibətdəki qüsurları ilə bağlı yeni bir arqument kimi istifadə edəcək. Borodayın təklifi Kreml rejiminin daxildə artan gərginliyi idarə edə bilməməsinin və dini azadlıqlar məsələsində geridə qalmasının bir əlamətidir. O, təhlükəsizlik problemini həll etmək əvəzinə, yeni problemlər yaradır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31