Fələstini tanıyan güclərin sayı artır: Azərbaycan necə davranacaq?
13:22 SiyasətTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Fələstini tanımağa çağırıb. O, bu barədə ABŞ-nin "Newsweek" nəşrində dərc olunan məqaləsində yazıb.
Ərdoğan bildirib ki, Türkiyə atəşkəsin təmin olunması, humanitar yardımların davamlı çatdırılması və ikidövlətli həll yolu üçün səylərini davam etdirməkdədir:
"Ədalətli sülh o zaman mümkündür ki, Fələstin xalqı 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, ərazisi toxunulmaz dövlətə nail olsun. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün vacibdir. Dünya xalqlarına çağırışımız aydındır: Fələstin dövlətini tanıyın".
Siyasi şərhçi Kənan Novruzov Musavat.com-a deyib ki, İsraillə HƏMAS arasında müharibə başlanandan sonra dünya dövlətlərinin Fələstinə dəstəyi açıq-aydın güclənib:
"Ayrı-ayrı dövlətlər Fələstini tanımaq təşəbbüsü ilə çıxış edirlər. Bu, Fələstin üçün ciddi siyasi dividend olmaqla həm də İsrailə təzyiq mexanizmidir. Müxtəlif dövlətlərin Fələstin dövlətini tanıması və ya belə təşəbbüslərlə çıxış etməsi bölgədəki siyasi balansın dəyişməsinə təsir göstərə bilər. Bu addımlar həmçinin Fələstin üçün diplomatik platformanı gücləndirir, beynəlxalq aləmdə daha çox legitimlik və nüfuz qazandırır.
Həmçinin, bu təşəbbüslər Fələstinin öz müstəqillik və dövlətçilik iddialarını müdafiə etmək imkanlarını artırır, ona daha geniş siyasi manevr sahəsi yaradır.
Digər tərəfdən, bu proses İsrail üçün də əlavə təzyiq vasitəsi rolunu oynayır. İsrailin Fələstin məsələsində mövqeyini dəyişdirməsi və ya müəyyən güzəştlərə getməsi üçün beynəlxalq təzyiqin artması mümkündür. Lakin İsrailin regiondakı mövqeyi və gücü nəzərə alındıqda, bu addımların təkbaşına məsələni həll etməsi mümkün görünmür.
Gələcəkdə Fələstin dövlətini tanıyan ölkələrin sayının artacağı gözlənilsə də, İsrailin buna qarşı sərt mövqeyi və strategiyası hələ də prosesin çətin və mürəkkəb qalmasına səbəb olacaq. Bu baxımdan təşəbbüslər müsbət diplomatik əhəmiyyət daşısa da, məsələni tam həll etmək üçün daha geniş və kompleks addımların atılması tələb olunur".
Siyasi şərhçinin sözlərinə görə, Ərdoğanın çağırışından sonra Fələstin dövlətini tanıyan dövlətlərin sayı arta bilər:
"İndi əsas sual Azərbaycanın Fələstini dövlət kimi tanıyıb-tanımayacağı ilə bağlıdır. Bu, Ankaranın nöqteyi-nəzərindən əhəmiyyətli olsa da, Bakı tələsməyəcək. Çünki Azərbaycan İsraillə münasibətlərini də nəzərə alır və qərar verməyə tələsmir. Fikrimcə, bu məsələdə Türkiyə də Azərbaycanı anlayacaq".