İran İsrailin hücumlarından sonra “Müdafiə Şurası” yaratdı – Siyasi şərhçi: “Tehran təhdid dili ilə razılaşmır” – ÖZƏL
16:55 Siyasətİranın Ali Milli Təhlükəsizlik Şurası Konstitusiyanın 176-cı maddəsinə əsasən "İran Müdafiə Şurası"nın yaradılmasına razılıq verib. Bu barədə qurumun Katibliyi məlumat yayıb.
Prezidentin rəhbərlik edəcəyi yeni orqan müdafiə strategiyalarının formalaşdırılması və silahlı qüvvələrin gücləndirilməsi ilə bağlı layihələri dəyərləndirəcək. Şuraya parlament sədri, Məhkəmə Sistemi rəhbəri, hərbi komandanlar və müvafiq nazirlər də daxil olacaq.
Qərarın, İsrailin iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə endirdiyi hava zərbələrindən sonra verildiyi bildirilir. Hücumlar İranın gizli nüvə proqramı ilə əlaqəli infrastruktur və mütəxəssisləri hədəfə almışdı.
"12 günlük müharibədən sonra İsrail və İran arasında vəziyyət daha da gərginləşdi. İsrailin İranın bütün nüvə silahlarına və ümumilikdə hərbi infrastrukturuna endirdiyi zərbələr İran üçün ciddi nəticələr doğurdu. Bu hücumlar İranın hərbi texniki potensialına böyük ziyan vurdu və həmin ziyanın aradan qaldırılması ölkəyə ciddi maliyyə yükü gətirəcək. Çünki infrastrukturun yenidən bərpası tələb olunur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün də İsrailin İrana qarşı təhdidləri davam edir: "Bir neçə gün öncə İsrailin baş naziri Netanyahunun dilindən eşitdik ki, onlar İranı yenidən açıq şəkildə təhdid edirlər. Bu təhdidlərin məqsədi ondan ibarətdir ki, İran sonda danışıqlar masasına əyləşsin və nüvə sazişinə geri dönsün. Xüsusilə də Donald Tramp dövründə bağlanmış, lakin sonradan dayandırılmış sazişin bərpası gündəmə gətirilir. Ancaq hələlik İran tərəfi bu təzyiqlərlə danışıqlara qayıtmaq istəmir. Müharibədən sonra rəsmi Tehran təhdid dili ilə aparılan siyasəti qəbul etmir və bu yolla getmək niyyətində deyil".
R. Məmmədova qeyd edib ki, yeni yaradılmış Şura isə xüsusi diqqət çəkir. Bu Şura İranın üzləşdiyi ziyanın qiymətləndirilməsi və gələcək addımların müəyyən olunması məqsədi ilə yaradılıb. Şuranın tərkibində prezident də daxil olmaqla, ölkənin ali rəhbərliyinə daxil olan yüksək vəzifəli şəxslər təmsil olunurlar. Yəni dövlətin əsas söz sahibləri bu qurumda təmsil olunur və onun qərarları əhəmiyyətli olacaq. Bu Şura həm də İranın nüvə silahı proqramının hansı mərhələyə çatdırıldığı, Beynəlxalq Atom Enerjisi Agentliyi (MQT) ilə münasibətlərin necə qurulacağı, ölkədaxili strukturun hansı istiqamətdə formalaşdırılacağı kimi məsələlərlə məşğul olacaq. Eyni zamanda, İranın İslam dövləti olaraq geosiyasi baxımdan hansı mövqedə dayanacağı da bu prosesdə nəzərə alınır. Yəni bir neçə variant üzərində işlənəcək və Şura bu istiqamətdə fəaliyyət göstərəcək. Lakin nəzərə almaq lazımdır ki, İran hazırda yaxın qonşuları ilə münasibətlərdə ciddi gərginliklər yaşayır. İraqda və Suriyada gedən proseslərdə İranın iştirakı az deyil. Tehran bu bölgələrdəki aktorları dəstəkləməklə yanaşı, dolayısı ilə Türkiyənin terrorla mübarizəsinə də təsir göstərir. Halbuki, Türkiyə bölgədə terror təhlükəsinə qarşı öz mübarizəsini davam etdirmək istəyir.
Siyasi şərhçinin sözlərinə görə, digər mühüm məsələ Zəngəzur dəhlizinin açılmasıdır. İran bu dəhlizin reallaşmasına ciddi şəkildə qarşı çıxır və bu da onun regiondakı qonşuları ilə münasibətlərinin normal olmadığını göstərir.
"Yeni yaradılmış Şuranın fəaliyyətində əsas diqqət yönələcək məsələlərdən biri də İranın milli təhlükəsizliyinin qorunması və gələcəkdə bu təhlükəsizliyin təmin olunmasıdır. Məhz bu istiqamətdə Şuranın verəcəyi qərarlar həlledici rol oynayacaq" - deyə R. Məmmədova sonda qeyd edib.
Səidə Ramazanova