BMT Pakistandan 1,3 milyon Əfqanıstan qaçqınını deportasiya etməməyə çağırıb- ÖZƏL

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Pakistan hökumətini ölkədə rəsmi qeydiyyatdan keçmiş 1,3 milyon əfqan qaçqının məcburi şəkildə deportasiya olunmasından imtina etməyə çağırıb. Olaylar.az xəbər verir ki,  bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
"Onlar uzun illərdir BMT QAK tərəfindən rəsmi qaçqın statusu ilə tanınıblar. Onların zorla vətənə qaytarılması humanitar prinsiplərin və Pakistanda qalmaq hüququ ilə bağlı verilmiş təminatların pozulması deməkdir", - deyə bəyanatda vurğulanıb.
Pakistan hökuməti daha öncə bəyan etmişdi ki, sentyabrın 1-dən etibarən 1,3 milyon qeydiyyat kartı olan əfqan qaçqının repatriasiyası və deportasiyası başlanacaq. Bu kartlar onlara Pakistanda vizasız yaşamaq hüququ verirdi. Lakin bu sənədlərinin müddətinin 30 iyunda bitməsi ilə onlar qanunsuz qaçqın hesab olunmağa başlayıblar.
BMT QAK-nın məlumatına görə, 2023-cü ilin sentyabrından bəri artıq 800 mindən çox əfqan Pakistandan vətəninə qayıdıb. Onlardan 527 min nəfəri məcburi şəkildə deportasiya olunub, digərləri isə könüllü şəkildə ölkəni tərk edib.
Son 40 ildə Cenevrə Konvensiyasına əsasən Pakistana 4 milyondan çox əfqan qaçqın gəlib. Hazırda onlardan 1,7 milyonu sənədsiz yaşayır, 1,3 milyonu rəsmi qeydiyyatdan keçib, daha 1 milyona yaxın əfqanın isə rəsmi qaçqın statusu var və bu, onlara Pakistanda qalmağa imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31